Müxalifət 4 oktyabrda insanları küçələrə çıxmağa çağırdı
“Vahid Milli Hərəkat”ın liderlərindən biri Levan Sanikidze 4 oktyabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı vətəndaşlara müraciət edib. O, jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, həmin gün insanların bir neçə seçim imkanı olacaq, lakin partiya onları küçəyə çıxmağa çağırır.
“Biz 4 oktyabrda heç kəsi seçki məntəqələrinə getməyə çağırmırıq. Əksinə, deyirik ki, hər kəs bir neçə variantdan birini seçsin. Birincisi – gedib iştirak etmək rus xüsusi əməliyyatında. İkincisi – evdə qalmaq, dostlarla və ya muzeyə getmək. Üçüncüsü – küçəyə çıxmaq. Biz hamıya müraciət edirik ki, 4 oktyabrda küçədə görüşək. Bu, mühüm tarixdir”, – deyə Sanikidze vurğulayıb.
Avropa İttifaqı ilə vizasız gediş-gəlişin dayandırılması ehtimalına toxunan Sanikidze qeyd edib ki, bunun tam məsuliyyəti Bidzina İvanişviliyə və “Gürcü Arzusu”na aid olacaq.
Onun sözlərinə görə, hakimiyyət ölkənin 4 milyon vətəndaşını sanksiyalara məruz qoymaq üçün məqsədyönlü addımlar atır:
“‘Gürcü Arzusu’ hər şeyi edir ki, xalq sanksiyalaşdırılsın. Bu, onların birbaşa məsuliyyətidir. Onlar 28 noyabrda elan etdilər ki, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ən azı 2028-ci ilə qədər dayandırılır. Belə şəraitdə biz ‘Gürcü Arzusu’ndan heç bir güzəşt və ya addım gözləmirik.
Onların Rusiyadan aldıqları əsas direktiv Avropa inteqrasiyasının dayandırılması, NATO-ya inteqrasiyanın qarşısının alınması və gürcü xalqından vizasız gediş-gəliş hüququnun alınmasıdır. Bunun əsas təşəbbüskarı Bidzina İvanişvilidir. Gürcüstandakı siyasi böhranı həll etmək asandır, lakin İvanişvili bunu məqsədyönlü şəkildə etmir,” – deyə Sanikidze bildirib.


