“Lelo – Güclü Gürcüstan” hakimiyyətin QHT-lərə qarşı təzyiqlərini pislədi
“Lelo – Güclü Gürcüstan” siyasi partiyası hakim “Gürcü Arzusu” hökumətini və onun istifadə etdiyi “digər alətləri” Gürcüstanda vətəndaş cəmiyyətinə qarşı təzyiq və təqib siyasəti aparmaqda ittiham edib.
InterPress.ge xəbər verir ki, partiyanın bəyanatı, bir sıra qeyri-hökumət təşkilatlarının Antikorrupsiya Bürosundan “xarici agentlərin qeydiyyatı haqqında qanunun pozulması” ittihamı ilə məktub aldıqlarını və cinayət məsuliyyəti ilə hədələndiklərini açıqlamasından sonra yayılıb.
Bəyanatda qeyd olunur ki, hakim komanda tərəfindən vətəndaş cəmiyyətinə qarşı başlanmış təqib və təzyiq prosesi yeni miqyas alıb. “Racden Kupriaşvili bu prosesin əsas icraçısı olaraq demokratik dəyərləri və insan hüquqlarını müdafiə edən təşkilatları sıxışdırmağa davam edir. Antikorrupsiya Bürosu bu gün ‘Gürcü Arzusu’nun korrupsiyasının əsas qoruyucusuna çevrilib. Onlar korrupsiya ilə deyil, korrupsiyadan zərər çəkmiş insanlara, əlillərə, zorakılıq qurbanı qadınlara və uşaqlara pulsuz hüquqi yardım göstərənlərlə mübarizə aparırlar,” – deyə bildirilib.
Partiya vurğulayıb ki, hakimiyyətin hərəkətləri demokratiyanın əsaslarına, ölkə konstitusiyasına və Gürcü xalqının iradəsinə ziddir. “Gürcü Arzusu” tərəfindən tətbiq edilən qanunsuz repressiv mexanizmlər həm demokratiya prinsiplərinə, həm də konstitusiyaya ziddir. Bu qanunların ləğvi Avropa İttifaqına inteqrasiya və vizasız rejimin qorunması istiqamətində əsas tələblərdən biridir.
“Bidzina İvanişvilinin bandasını hakimiyyətdən uzaqlaşdırdıqdan sonra ölkə və xalq əleyhinə yönəlmiş bütün qanunvericilik normalarını ləğv edəcəyik. Gürcü vətəndaş cəmiyyətinə həmrəylik! Bu mübarizədə qalib gələcəyik,” – deyə bəyanatda vurğulanıb.


