ABŞ Dövlət Departamenti: Gürcüstanda vətəndaşlara və jurnalistlərə qarşı zorakılıq halları il boyu davam edib və cəzasız qalıb
ABŞ Dövlət Departamentinin 2024-cü il üçün Gürcüstanda insan hüquqları ilə bağlı hesabatında bildirilir ki, il ərzində vətəndaşlara, jurnalistlərə və digər şəxslərə qarşı fiziki hücumlar, hədələmə, təzyiq və təqiblə bağlı xəbərlər davamlı yayılıb və bu hallarda məsuliyyət tədbirləri görülməyib.
Sənəddə qeyd olunur ki, apreldən iyunadək Tbilisidə “Xarici agentlərin şəffaflığı haqqında qanun” əleyhinə keçirilən kütləvi etiraz aksiyalarını və 28 noyabrdan dekabradək Aİ-ni dəstəkləyən nümayişləri işıqlandıran bir neçə jurnalist polis tərəfindən döyüldüyünü, təzyiqə məruz qaldığını, onlara qarşı “bibər qazı” istifadə olunduğunu və avadanlıqlarının zədələndiyini bildirib.
7 dekabrda 30-dan çox “titushka” (adətən qara geyimdə, üzləri örtülü naməlum şəxslər) etirazçılara hücum edib, daha sonra isə “TV Pirveli” telekanalının jurnalisti Maka Çixladze və operator Qiorqi Şetsiruliyə fiziki təzyiq göstərib, onların bütün əşyalarını əlindən alıblar. Çixladzenin və şahidlərin sözlərinə görə, yaxınlıqda olan patrul polisi insidentə müdaxilə etməyib.
Jurnalistlər və fəallar təzyiq və hədələyici telefon zəngləri aldıqlarını, həmçinin evlərinə və ofislərinə qarşı vandallıq halları baş verdiyini, təhqiredici plakatların asıldığını və nəqliyyat vasitələrinin zədələndiyini bildiriblər. Hökumət vətəndaşların telefon nömrələrinə icazəsiz giriş faktlarını araşdırıb. Media ombudsmanı parlament qarşısında keçirilən aksiyaları işıqlandıran 15 jurnalistlə bağlı hüquq pozuntularını qeydə alıb. Bir neçə beynəlxalq media monitorinq qurumu isə Avropa Şurasının jurnalistlərin təhlükəsizliyi platforması ilə birlikdə 26 oktyabr seçkiləri zamanı azı 30 media azadlığı pozuntusu qeydə alındığını açıqlayıb.
Hesabatda bildirilir ki, noyabrın sonunda və dekabrda hökumət və ya onların adından hərəkət edən naməlum şəxslər onlarla jurnalistə qarşı zorakılıq tətbiq edib. Hücumlar döyülmə, “bibər qazı”, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ilə müşayiət olunub. Yaralananlar arasında onurğa sınığı, üz sümüklərinin sınığı və kimyəvi yanıq halları qeydə alınıb, bir neçə jurnalist xəstəxanaya yerləşdirilib.
Sənədə görə, dövlət rəsmilərinə zorakılıq və təzyiqlə bağlı məsuliyyət yüklənməyib. Media qurumları 2021-ci ildə etirazçılara qarşı zorakılıqda təqsirli bilinən şəxslərin Tbilisi Apellyasiya Məhkəməsi tərəfindən cəzalarının yüngülləşdirilməsinə görə narahatlıqlarını ifadə ediblər. Bu şəxslər 16 noyabrda hakim partiyanın qəbul etdiyi amnistiya layihəsi ilə azadlığa buraxılıb. Hesabatda vurğulanır ki, bu hücumların heç bir təşkilatçısına qarşı ittiham irəli sürülməyib.


