İrakli Kobaxidze: “Ermənistan və Azərbaycan arasında imzalanmış saziş regionda sülh və rifahı möhkəmləndirəcək”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış sülh sazişini alqışlayaraq bildirib ki, Gürcüstan mövcud imkanlar çərçivəsində bu prosesə dəstək göstərməyə çalışıb.
“Dost və qonşu dövlətlərimiz – Azərbaycan və Ermənistanı əldə olunmuş sülh razılaşmasına görə təbrik edirəm. Bu, regionumuz, Cənubi Qafqazda sülhün və iqtisadi rifahın möhkəmlənməsinə xidmət edəcək mühüm addımdır. Əlbəttə, Prezident Trampa təşəkkür etməliyik – məhz onun liderliyi ilə bu sazişin imzalanması mümkün oldu. Bizim üçün əsas məsələ müstəqilliyimizin möhkəmlənməsidir və qonşularımız da eyni mövqedən çıxış edirlər – maksimum azadlıq, maksimum müstəqillik,” – deyə Kobaxidze vurğulayıb.
Baş nazir əlavə edib ki, Gürcüstan regionda mərkəzi mövqeyə malikdir və son 30 ildə, Azərbaycanla Ermənistan arasındakı ağır münaqişəyə baxmayaraq, sülhün qorunmasına töhfə verib:
“Bu, dostlarımız və qonşularımız – həm Azərbaycan, həm də Ermənistan tərəfindən yüksək qiymətləndirilir. Gələcəkdə də qonşu dövlətlərlə birlikdə regionda sülhün möhkəmlənməsi və rifahın artırılması üçün əlimizdən gələni edəcəyik. Bu, təbii ki, Gürcüstanın regionda yerinə yetirdiyi əsas missiyadır,” – deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ, Azərbaycan və Ermənistan liderləri “Tramp marşrutu – beynəlxalq sülh və rifah naminə” adlı saziş imzalayıblar.


