Pavlenişvili: “Gürcüstanda seçkilər ləğv olunub, 5 nömrədən imtina etməyəcəyik”
“Gürcüstanda seçkilər ləğv olunduğu və bu barədə çox aydın, möhkəm mövqeyimiz olduğu halda, seçki nömrəsinə ilişib qalmaq sadəcə olaraq adekvat deyil.”
InterPress.ge xəbər verir ki, bunu “Vahid Milli Hərəkat”ın liderlərindən biri İrakli Pavlenişvili Mərkəzi Seçki Komissiyasının (MSK) qərarını şərh edərkən bildirib.
MSK-nın qərarına əsasən, “Vahid Milli Hərəkat” və “Dəyişikliklər üçün Koalisiya” bələdiyyə seçkilərində iştirak müraciəti təqdim etmədiklərinə görə seçki nömrələrini itiriblər.
Pavlenişvilinin sözlərinə görə, Gürcüstanda demokratiya və siyasi proses bərpa olunacağı halda, “5” nömrəsi yenidən “Vahid Milli Hərəkat”a qaytarılacaq və seçicilərin çoxu məhz bu nömrəyə səs verəcək:
“Demokratiya və siyasi proses bərpa olunanda, ‘Vahid Milli Hərəkat’ın 5 nömrəsi də geri qayıdacaq. Əminəm ki, Gürcüstan əhalisinin əksəriyyəti növbəti seçkilərdə məhz bu nömrəni işarələyəcək”, – deyə o bildirib.
Partiya lideri qeyd edib ki, MSK-nın hansı qərarı verəcəyi əvvəlcədən bəlli idi və onlar nə 5 nömrədən, nə də öz siyasi kimliklərindən imtina etməyəcəklər:
“İvanışvilinin dəstəsi eyni məntiqlə ‘Vahid Milli Hərəkat’ın hüquqi baxımdan qadağan olunmasına çalışır. Onun qeyri-qanuni, qeyri-legitim dəstəsinin yalnız öz maraqlarına uyğun, amma Gürcüstan qanunvericiliyinə zidd olaraq atdığı addımlar bizim nə ‘Vahid Milli Hərəkat’dan, nə 5 nömrədən, nə də kimliyimizdən imtina etməyimizə səbəb olmayacaq”, – Pavlenişvili vurğulayıb.
MSK sədri Giorgi Kalandarişvilinin açıqlamasına görə, bələdiyyə seçkilərində iştirak üçün ümumilikdə 17 partiya müraciət edib. 2024-cü il parlament seçkilərində iştirak etmiş 5 siyasi subyekt isə həmin seçkilərdə istifadə etdikləri nömrələrlə iştirak edəcək.


