4 oktyabr bələdiyyə seçkiləri üçün məntəqə seçki komissiyalarının üzvlərinin seçimi elan olunub
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 4 oktyabr 2025-ci il bələdiyyə seçkiləri çərçivəsində dairə seçki komissiyaları tərəfindən məntəqə seçki komissiyalarının rəhbər şəxsləri və üzvlərinin seçilməsi üçün müsabiqə elan edilib.
Ölkə üzrə yaradılacaq 3 051 seçki məntəqəsində ümumilikdə 39 663 komissiya üzvü fəaliyyət göstərəcək. Onlardan 9 153 rəhbər şəxs və 15 255 üzv dairə seçki komissiyaları tərəfindən seçiləcək, qalan 15 255 üzv isə səlahiyyətli siyasi partiyalar tərəfindən təyin olunacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 11–14 avqust tarixlərində, saat 10:00-dan 18:00-dək müvafiq dairə seçki komissiyasına müraciət etməlidirlər. Sənədləri həmçinin MSK-nın xüsusi elektron platforması vasitəsilə (Konkursi.cec.gov.ge) təqdim etmək mümkündür.
Qanunvericiliyə əsasən, dairə seçki komissiyaları yalnız sertifikatlı məntəqə seçki komissiyası üzvlərini seçə bilər. Bu səbəbdən MSK 2023-cü ildən etibarən ölkə miqyasında bir neçə dəfə sertifikatlaşdırma imtahanları təşkil edib. Bu il də imtahanlar keçirilib, həmçinin potensial üzvlərin məlumatlandırılması və bacarıqlarının artırılması məqsədilə tədris layihələri həyata keçirilib.
Ətraflı məlumat MSK-nın 05.08.2025-ci il tarixli №106/2025 saylı qərarında yerləşdirilib.


