Giorgi Şaraşidze: “Öz ölkəsini müharibəyə başlamaqda ittiham etmək – yalnız və yalnız vətənə xəyanətdir”
“Gaxaria – Gürcüstan Üçün” partiyasının Tbilisi Şəhər Şurasının (Sakrebulo) deputatı Giorgi Şaraşidze 2008-ci il avqust müharibəsi ilə bağlı “Gürcü Arzusu” liderlərinin bəyanatlarını sərt tənqid edib və bunu “vətənə xəyanət” adlandırıb.
Giorgi Şaraşidze “InterPressNews”a bildirib ki, bu bəyanatlara cavabı Gürcü xalqı verməlidir:
“Çox təəssüf ki, bu gün biz qeyri-legitim bir hakimiyyətlə üz-üzəyik. Bu hakimiyyət açıq şəkildə ölkəmizin maraqlarına xəyanət edir. Əlbəttə ki, Gürcüstan öz ərazisində müharibəyə başlaya bilməzdi. Aradan 17 il keçib və bu gün hakimiyyətdə olan rejim Gürcüstana 2008-ci ildə Rusiya tərəfindən həyata keçirilmiş genişmiqyaslı təcavüzə görə günah yükləməyə çalışır. Bu, yalnız və yalnız öz vətəninə xəyanət kimi dəyərləndirilə bilər. Həmin vaxt baş verənlər ölkəmizin düşməni olan Rusiyanın maraqlarına tam xidmət edir.”
Onun sözlərinə görə, “Gürcü Arzusu” rejimi bu ritorikanı öz hakimiyyətini qorumaq üçün istifadə edir:
“Bu hakimiyyət milli maraqları şəxsi maraqlara dəyişir və ölkəmizin baş düşməni ilə – Rusiya ilə əməkdaşlıq edir. Bu qədər ağır bir gündə belə məsələlər haqqında danışmaq çox çətindir. Amma ‘Gürcü Arzusu’nun təbliğ etdiyi fikirlər – guya ki, Gürcüstan öz ərazisində müharibəyə başlayıb – bizim qəhrəmanların, müharibədə şəhid olmuş igidlərimizin fədakarlığını heçə endirir. Belə bir gündə onların qəhrəmanlığını yad etmək əvəzinə, hökumətin bu mesajlarını əsas götürsək, onların qəhrəmanlığı belə dəyərdən salınmış olur. Gürcü xalqı bu xəyanətkar rejimə layiqli cavab verməlidir. Artıq onlar bütün qırmızı xətləri keçiblər və yalnız öz hakimiyyətlərini qorumaq üçün Rusiya ilə açıq əməkdaşlıq edirlər.”
Xatırladaq ki, Baş nazir İrakli Kobaxidze daha əvvəlki bəyanatında bildirmişdi ki, “müvafiq sənədlər sübut edir ki, avqust müharibəsinə o zamankı hakimiyyət başlamışdı və bununla da ölkənin milli maraqlarına ciddi zərbə vurulmuşdu”. Kobaxidze əlavə etmişdi ki, “Gürcü Arzusu” ölkənin müstəqilliyini sonadək qoruyacaq ki, bu cür “cinayətlər” təkrarlanmasın.
“8 avqust faciəli bir tarixdir – bu, o zamankı hakimiyyətin törətdiyi ağır bir avantürizm və xəyanət idi. Bu gün bizə xatırladır ki, ölkəni yalnız suveren bir hakimiyyət idarə etməlidir”, – deyə Kobaxidze bəyan etmişdi.


