Avropa Parlamentinin üzvü: “Gürcüstanın siyasi kursunu dəyişənlər cavab verməlidir”
Avropa Parlamentinin deputatı Petras Austreviçius “Batumelebi” və “Netgazeti” media orqanlarının təsisçisi, jurnalist Mziya Amaghlobelinin iki il müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirib.
“Gürcü jurnalist Mziya Amaghlobeli polis əməkdaşına guya hücum etdiyinə görə iki il həbs cəzası aldı. Gürcüstanın siyasi kursunu dəyişənlər – qeyri-demokratik, qeyri-avropa yönümlü və vətəndaş cəmiyyətinə qarşı repressiv xətti həyata keçirən şəxslər məsuliyyət daşımalıdır. Bəyanatların vaxtı bitdi”, – deyə Austreviçius bəyan edib.
Qeyd edək ki, Mziya Amaghlobeliyə əvvəlcə Gürcüstan Cinayət Məcəlləsinin 353¹-ci maddəsinin birinci hissəsi ilə – yəni polis və ya digər dövlət nümayəndəsinə hücum maddəsi ilə ittiham irəli sürülmüşdü. Bu maddə 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur. Lakin məhkəmə onun ittihamını 353-cü maddənin birinci hissəsinə – yəni ictimai qaydanı qoruyan vəzifəli şəxsə qarşı müqavimət və ya fəaliyyətinə maneə törətmə maddəsinə dəyişib. Bu maddə cərimə, 2 ilədək ev dustaqlığı və ya 2 ildən 6 ilədək həbs cəzası nəzərdə tutur. Məhkəmə Mziya Amaghlobelini 2 il müddətinə azadlıqdan məhrum edib.


