Litva səfirliyi: Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimiz davam edir
Gürcüstanda Litva səfirliyi Rusiyanın Gürcüstana qarşı həyata keçirdiyi hərbi təcavüzün 17-ci ildönümü ilə bağlı bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Litva səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.
“Səfirlik olaraq Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə olan sarsılmaz dəstəyimizi bir daha bəyan edirik. 17 il əvvəl Rusiya Gürcüstana hücum etdi. Litva tərəfdaşları ilə birgə bu gün də həmin hadisələri və Rusiya təcavüzünə qarşı mübarizə aparan, 2008-ci ilin avqustunda həlak olanların xatirəsini yad edir”, – deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, avqust müharibəsinin başlanmasından 17 il ötür. 2008-ci ilin avqustunda Rusiya ilə baş vermiş silahlı münaqişə zamanı Gürcüstan Müdafiə Nazirliyinin 170 hərbi qulluqçusu, Daxili İşlər Nazirliyinin 14 əməkdaşı və 224 mülki şəxs həlak olub. Ümumilikdə 2 232 nəfər yaralanıb və ya xəsarət alıb, onlardan 1045-i hərbi qulluqçudur.


