ABŞ Dövlət Departamenti: Gürcüstanda antidemokratik addımlar və hökumət tənqidçilərinin hədəfə alınması dərin narahatlıq doğurur
ABŞ Dövlət Departamenti "Batumelebi"nin təsisçisi Mzia Amaghlobelinə 2 il azadlıqdan məhrumetmə cəzasının verilməsinə münasibət bildirərək bəyan edib ki, Gürcüstanda antidemokratik addımların davam etməsi və artması, o cümlədən siyasi müxalifət nümayəndələrinin saxlanılması, vətəndaş cəmiyyəti fəallarının və hökumət tənqidçilərinin məqsədli şəkildə sıxışdırılması ciddi narahatlıq doğurur.
Departamentin verdiyi yazılı cavabda vurğulanır ki, Gürcüstan son dövrlərdə qəbul etdiyi qanunvericilik təşəbbüslərindən, o cümlədən qrantlarla bağlı dəyişikliklərdən hökumətin real və ya ehtimal olunan tənqidçilərinə qarşı selektiv şəkildə istifadə edir.
"Biz Gürcüstanda antidemokratik addımların davamı və artması, o cümlədən siyasi müxalifət nümayəndələrinin saxlanılması və vətəndaş cəmiyyəti nümayəndələrinin – xüsusən də hökumətə qarşı tənqidi mövqedə olan şəxslərin məqsədyönlü şəkildə sıxışdırılması faktından dərin narahatlıq keçiririk.
Xüsusilə də narahatlıq doğuran məqam ondan ibarətdir ki, Gürcüstan hökuməti yeni qəbul olunmuş qanunvericilik aktlarını, o cümlədən qrantlarla bağlı dəyişiklikləri öz tənqidçilərinə qarşı selektiv şəkildə tətbiq edir və bu, ifadə azadlığına və vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarına həddindən artıq məhdudiyyətlər yaradır", – deyə ABŞ Dövlət Departamenti "Formula" telekanalının sorğusuna cavab olaraq bildirib.


