Marneulili Aminə İbrahimova Beynəlxalq Məktəbi qızıl medalla başa vurdu
Marneuli rayonunun II Kosalı kənd sakini Aminə İbrahimova Beynəlxalq Maarif Məktəbini qızıl medalla bitirərək əhəmiyyətli təhsil nailiyyəti əldə edib.
InterPress.ge xəbər verir ki, gənc yaşlarından çalışqanlığı və savadı ilə seçilən Aminə bu uğuru ilə həm müəllimlərinin, həm də yerli ictimaiyyətin fəxr etdiyi gənclərdən birinə çevrilib.
Təhsil həyatına doğma kəndində başlayan Aminə İbrahimova orta məktəbin ilk 8 ilini II Kosalı kənd məktəbində alıb. Daha sonra biliyi və yüksək nəticələri sayəsində Marneulidə fəaliyyət göstərən Beynəlxalq Maarif Məktəbinə 100 faiz təqaüdlə qəbul olunub. Təhsil aldığı müddətdə fənlərə olan marağı, yüksək göstəriciləri və fəallığı ilə seçilən Aminə məktəbi qızıl medalla bitirib. Bununla yanaşı, müxtəlif istiqamətlər üzrə əlavə kurs və proqramlarda iştirak edərək bir neçə sertifikat da əldə edib.
Bu il o, Gürcüstanın ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlara qatılıb və gürcü dilində verdiyi imtahanı uğurla başa vurub. Ən önəmli məqam isə Aminənin 1+4 hazırlıq proqramı olmadan birbaşa universitetin birinci kursuna qəbul olunmasıdır. Bu nəticə onun həm dil, həm də ümumi akademik səviyyədə yüksək hazırlığa malik olduğunu sübut edir.
Hazırda Aminə İbrahimova ali təhsil həyatına başlamağa hazırlaşır. Onun məqsədi yalnız şəxsi uğurla kifayətlənməmək, eyni zamanda gələcəkdə cəmiyyətə töhfə verə biləcək peşəkar bir şəxs kimi formalaşmaqdır.
Aminənin qazandığı uğurlar bölgədəki gənclər üçün motivasiya mənbəyidir və bir daha göstərir ki, əzm və zəhmətlə hər bir hədəfə çatmaq mümkündür.


