Gürcüstan-Rusiya sərhədində ilişib qalan beş ukraynalı gürcü sərhədçilərə görə müddətsiz aclıq aksiyasına başlayıb
Gürcüstan-Rusiya sərhədində ilişib qalan Ukraynanın beş vətəndaşı Gürcüstan sərhədçilərinin hərəkətlərinə etiraz olaraq müddətsiz aclıq aksiyasına başladıqlarını bəyan ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə aksiya iştirakçılarından biri – Sergey Larko “Eho Kavkaza” nəşrinə açıqlama verib.
Larkonun sözlərinə görə, o və digər dörd ukraynalı artıq bir aya yaxındır Kazbegidəki “Dariali” sərhəd-keçid məntəqəsində saxlanılır və bu gündən aclıq aksiyasının başladığını rəsmən bəyan edən sənədi Gürcüstan sərhədçilərinə təqdim etməyə hazırlaşırlar.
Larko açıqladığı sənəddə aclıq qərarının səbəblərini və tələblərini qeyd edib. O bildirir ki, “qanunsuz hərəkətlərə və hüquqlarının pozulmasına görə” aclıq elan edib. Onun sözlərinə görə, o, daha 97 nəfərlə birlikdə qeyri-insani şəraitdə saxlanılır və onların arasında HİV və vərəm xəstələri də var. Gürcüstan ərazisinə buraxılmadıqlarını, sığınacaq istəyi ilə müraciət etməyə, hüquqi yardım almağa və saxlanılma qərarını məhkəməyə şikayət etməyə imkan verilmədiyini iddia edir.
Larko əlavə edib ki, o, 2025-ci il iyunun 21-də Rusiyadan deportasiya olunub və Gürcüstana gələn kimi pasportu əlindən alınıb, qanunsuz şəkildə biometrik məlumatları toplanıb.
Müddətsiz aclıq aksiyası keçirən şəxslər aşağıdakı tələblərlə çıxış edirlər: Ukraynanın konsul nümayəndəsinin onlara yaxın buraxılması, saxlanma səbəblərinin izah olunması, Gürcüstan ərazisini tərk etməyə icazə verilməsi və ya beynəlxalq müdafiə üçün müraciət hüququnun tanınması, tibbi müayinə və qeyri-qanuni saxlanmanın dayandırılması. Onlar bildirirlər ki, bütün bu tələblər yerinə yetirilməyənə qədər aclıq aksiyasını davam etdirəcəklər.
Məlumata görə, Rusiya hakimiyyəti Gürcüstanla sərhədə Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində həbs edilmiş və sonra Rusiyaya köçürülmüş məhkumları gətirir. Onların əksəriyyəti cəzasını Rusiya həbsxanalarında çəkir və daha sonra sərhədə gətirilir.


