İrakli Kobaxidze Azərbaycan baş naziri Əli Əsədovla görüşüb
İrakli Kobaxidze Birləşmiş Millətlər Təşkilatının konfransı çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədovla görüş keçirib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan hökuməti yayıb.
Bildirilib ki, təkbətək görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər və müxtəlif sahələrdə əməkdaşlığın inkişafında mövcud olan pozitiv dinamikanı vurğulayıblar.
Görüşdə regional əhəmiyyətli birgə layihələrin rolu xüsusi qeyd olunub. Eyni zamanda, regionda baş verən proseslərə dair fikir mübadiləsi aparılıb və sülhün və sabitliyin qorunmasının önəmi vurğulanıb.
İrakli Kobaxidze bir daha Gürcüstanın regionda uzunmüddətli sülhün təmin olunmasına dialoq və diplomatiya yolu ilə dəstək verməyə hazır olduğunu bəyan edib.


