02 
Avq
2025
14:10
236

İrakli Kobaxidze: “Müxalifət hələ də namizədini müəyyənləşdirə bilməyib, biz isə 64 bələdiyyənin hamısında qalib gələcəyik”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yerli özünüidarəetmə seçkiləri ilə bağlı açıqlama verib.

O, müxalifəti fəaliyyətində səmərəsizlikdə ittiham edib və hakim partiyanın seçkilərə tam hazırlıqlı olduğunu bildirib.

Kobaxidzenin sözlərinə görə, müxalifət hələ də Tbilisi meri vəzifəsinə namizədi müəyyənləşdirə bilməyib, bu isə onların zəifliyindən xəbər verir.

“Seçkilərə təxminən iki ay qalmasına baxmayaraq, müxalifət hələ də Tbilisi meri postuna namizədini seçə bilməyib. Namizədlərlə bağlı gedən müzakirələr onların vəziyyətinin nə qədər ağır olduğunu göstərir. Bu, onların problemidir. Bizə maraqlı deyil, onlar seçkilərə necə hazırlaşırlar – bizi maraqlandıran öz hazırlığımızdır. Aktiv şəkildə seçkilərə hazırlaşırıq. Tək məqsədimiz var: 64 bələdiyyənin hamısında həm meri, həm də bələdiyyə məclisi seçkilərində qalib gəlmək. Əminəm ki, bu məqsədə nail olacağıq”, – deyə Baş nazir bildirib.

İrakli Kobaxidze həmçinin müxalifətin daimi olaraq çevriliş və inqilab çağırışları ilə çıxış etdiyini xatırladıb və onların bu cəhdlərinin 2016-cı ildən bəri nəticəsiz qaldığını vurğulayıb.

“Bu insanlar durmadan dinc inqilabdan, bəzən isə zorakı inqilabdan, hakimiyyətin devrilməsindən danışırlar. Əslində ‘dinc devrilmə’ özü-özlüyündə bir ziddiyyət təşkil edir. Onların plan və tapşırıqları bu cürdür, amma görürsünüz ki, 2016-cı ildən bu yana heç birini həyata keçirə bilmədilər. İndi isə daha da zəifləyiblər. Ona görə də onların bütün bu çıxışları sadəcə döyüşdən sonra havaya yumruq atmağa bənzəyir və heç bir müsbət nəticə vermir”, – deyə İrakli Kobaxidze əlavə edib.

Bizimlə əlaqə saxlayın