“Kazbegi” gömrük-keçid məntəqəsinin fəaliyyəti dayandırıldı
Devdoraki dərəsində yerləşən həyəcan siqnalı sisteminin aktivləşməsi səbəbindən “Kazbegi” gömrük-keçid məntəqəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidməti məlumat yayıb.
Gəlirlər Xidmətinin yaydığı bəyanatda qeyd olunur ki, yüksək dəqiqlikli siqnalizasiya sistemi “Kazbegi” keçid məntəqəsinə təhlükə barədə siqnal ötürüb. Təhlükəsizlik tədbirləri çərçivəsində dövlət qurumları ilə koordinasiyalı şəkildə keçid məntəqəsinin əməkdaşları və sərnişinlər təhlükəsiz əraziyə köçürülüblər.
Hazırda “Kazbegi” gömrük-keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb. Bu səbəbdən dövlət sərhədini bu məntəqə vasitəsilə keçmək və malların idxal-ixracı mümkün deyil.
Bəyanatda bildirilib ki, təhlükənin aradan qalxmasından sonra gömrük-keçid məntəqəsi normal rejimdə fəaliyyətini bərpa edəcək və sərnişinlərin, həmçinin yüklərin keçidi maneəsiz şəkildə davam edəcək.
Qeyd edək ki, bundan öncə Gürcüstan Daxili İşlər Nazirliyi Devdoraki dərəsində quraşdırılmış erkən xəbərdarlıq sistemindən siqnal daxil olduğunu bildirmişdi. Bu sistem çay məcrasında su səviyyəsinin minimal qalxması halında dəyişiklikləri qeydə alır.


