30 
Iyl
2025
12:19
220

MSK Avropa Parlamentinin bəyanatını tənqid etdi: “Günahsızlıq prezumpsiyası pozulur, seçkiyə inam sarsıdılır”

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) Avropa Parlamentinin 26 oktyabr 2024-cü il parlament seçkiləri ilə bağlı yayımladığı son bəyanatını hüquqi prinsiplərin, xüsusilə də günahsızlıq prezumpsiyasının pozulması kimi qiymətləndirib.

InterPress.ge xəbər verir ki, bu barədə MSK bəyanat yayıb.

MSK bəyan edir ki, seçkilərin saxtalaşdırıldığına dair sübutlara əsaslanmayan bu cür ittihamlar ölkədə bir neçə aydan sonra keçiriləcək bələdiyyə seçkiləri öncəsində seçki prosesinə təsir və ictimai etimadı sarsıtmaq cəhdidir.

MSK-nın yaydığı bəyanatda qeyd olunur ki, Avropa Parlamentinin bəyanatı heç bir konkret fakta və sübuta əsaslanmır və yalnız “təəssüratlara” söykənir. MSK belə siyasi motivli bəyanatların on minlərlə seçki əməkdaşının nüfuzuna xələl gətirdiyini bildirir:

“26 oktyabr seçkilərində 3 111 məntəqədə fəaliyyət göstərən 53 210 komissiya üzvündən 25 261 nəfəri 9 siyasi partiya tərəfindən təyin edilmişdi. Hər bir seçki məntəqəsində 17 üzvdən 8-i müxalifət kvotası ilə təyin olunmuşdu. Yekun protokollarda cəmi 9 nəfər fərqli fikir bildirib. Bu faktlar seçki prosesinin şəffaflığını və çoxpartiyalılığını təsdiqləyir”.

Komissiya qeyd edir ki, seçkilərin nəticələrinin elan olunmasından sonra saxtakarlıq iddiaları ilə əlaqədar prokurorluğa müraciət edilib. Lakin prokurorluğun araşdırmasında və məhkəmə proseslərində bu iddiaları dəstəkləyən heç bir dəlil təqdim olunmayıb.

MSK, eyni zamanda, Avropa Parlamentini ATƏT/ODIHR missiyasının qiymətləndirməsini nəzərə almağa çağırır. Qurumun rəsmi hesabatında seçkilərin yüksək peşəkarlıqla keçirildiyi və seçicilərin iradəsini əks etdirdiyi qeyd olunub. MSK bildirir ki, bu hesabatda yalnız ümumi tövsiyələr yer alıb və heç bir halda seçkilərin legitimliyini şübhə altına alan fikirlər yer almayıb.

Komissiya Avropa Parlamentinə çağırış edərək, gələcəkdə bu kimi bəyanatlar yayımlamadan öncə birbaşa MSK ilə əlaqə saxlamalarını, məlumatları yoxlamalarını və siyasi maraqlı tərəflərin iddialarını sübutsuz şəkildə təkrarlamamalarını tövsiyə edib:

“Əks halda, belə bəyanatlar təsadüfi səhv yox, Gürcüstanda mövcud siyasi qütbləşməni daha da dərinləşdirməyə yönəlmiş məqsədli təsir vasitəsi kimi qiymətləndirilə bilər.”

Xatırladaq ki, Avropa Parlamenti Gürcüstanla bağlı qəbul etdiyi qətnamədən sonra, 9 iyulda yaydığı bəyanatda 2024-cü ilin oktyabr seçkilərini “saxtalaşdırılmış” adlandıraraq, bunun ölkədə avtoritar idarəçiliyin möhkəmlənməsi üçün dönüş nöqtəsi olduğunu bildirmişdi. Parlament, həmçinin Gürcüstanda “demokratiyadan geri dönüşü və repressiyaları” pisləyərək, ölkədə beynəlxalq və müstəqil müşahidə altında yeni parlament seçkilərinin keçirilməsinə çağırmışdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər