23 
Iyl
2025
16:26
442

IMF: Gürcüstan iqtisadiyyatı qeyri-müəyyənliklərə baxmayaraq dayanıqlılıq nümayiş etdirir

Beynəlxalq Valyuta Fondu (IMF) Gürcüstanın artan daxili və geosiyasi qeyri-müəyyənliklərə baxmayaraq, güclü iqtisadi dayanıqlılıq göstərdiyini bildirib.

InterPress.ge xəbər verir ki, bu barədəTəşkilatın İcraçı Şurasının 2025-ci il 21 iyul tarixli hesabatında qeyd olunub.

Hesabata əsasən,,2021-ci ildən etibarən Gürcüstanda orta illik iqtisadi artım 9%-i keçib, inflyasiya hədəf səviyyəsinə qayıdıb, dövlət borcu isə 2024-cü ildə ÜDM-in 36%-nə qədər azalıb.

Proqnozlara görə, 2025-ci ildə iqtisadi artım 7.2%-ə qədər zəifləyəcək və orta müddətli perspektivdə 5%-ə çatacaq. Bunun əsas səbəbi daxili tələbin zəifləməsidir. İnflyasiyanın isə hədəfə yaxın səviyyədə qalacağı və dövlət borcunun hazırkı səviyyələrdə sabitləşəcəyi gözlənilir.

IMF bildirir ki, hazırkı qeyri-müəyyən qlobal şəraitdə Gürcüstanın əsas prioritetləri arasında əlavə valyuta ehtiyatlarının toplanması və struktur islahatların davam etdirilməsi olmalıdır. Bu isə ölkəyə şoklara qarşı dayanıqlılığın gücləndirilməsinə və daha inklüziv, məşğulluq yönümlü artımın davamına şərait yaradacaq.

Hesabatda qeyd olunur ki, Gürcüstan iqtisadiyyatında əsas çağırışlar struktur işsizliyin yüksək səviyyəsi, gəlir bərabərsizliyi, xarici miqrasiya və qeyri-formal iqtisadiyyatla bağlıdır. Real ÜDM-in 2025-ci ildə 7.2% artacağı, bu artımın isə turizm, informasiya-kommunikasiya texnologiyaları və nəqliyyat sektorundakı sabit inkişafla təmin olunacağı bildirilir. Orta müddətli perspektivdə bu göstərici 5%-ə yaxınlaşacaq.

Proqnozlara görə, inflyasiya 3%-lik hədəf ətrafında sabit qalacaq, cari əməliyyatlar balansının kəsiri isə ÜDM-in təxminən 5%-i səviyyəsində sabitləşəcək. Xarici valyuta ehtiyatlarının artırılması əsasən valyuta bazarlarında intervensiyalar və birbaşa xarici investisiyaların bərpası hesabına baş verəcək.

IMF-nin qiymətləndirməsinə görə, Ukraynadakı müharibənin başa çatması Gürcüstana tranzit ticarət və miqrasiyadan əldə olunan bəzi üstünlükləri itirə bilər, lakin regional sabitliyin artması bu itkiləri kompensasiya edə bilər. ABŞ-la ticarətdə aşağı pay və əsas məhsulların istisna statusu səbəbindən qlobal ticarət gərginliklərinin birbaşa təsiri məhduddur. Lakin investor əhval-ruhiyyəsinin zəifləməsi, ticarət tərəfdaşlarında iqtisadi yavaşlama və təchizat zəncirindəki problemlər Gürcüstanın ixrac və idxal xərclərinə mənfi təsir göstərə bilər.

IMF həmçinin Gürcüstan Milli Bankına (GMB) neytral və çevik siyasət mövqeyini qorumağı tövsiyə edir. Bankın ehtiyat toplama strategiyası davam etdirilməli, valyuta məzənnəsinin çevikliyi saxlanmalıdır. GMB həmçinin siyasət etibarlılığını sarsıda biləcək addımlardan çəkinməlidir.

Milli Bankın idarəetmə və müstəqilliyinin gücləndirilməsi məsələsi də hesabatda xüsusi vurğulanıb. Bildirilir ki, bəzi əvvəlki tövsiyələrin icrasında irəliləyiş olsa da, idarəetmə və maliyyə müstəqilliyini təmin edəcək qanunvericilik dəyişiklikləri hələ həyata keçirilməyib.

IMF-nin İcraçı Şurası Gürcüstanla IV maddə çərçivəsində illik məsləhətləşmələri yekunlaşdırıb və ölkə rəhbərliyi həmin proses üçün hazırlanmış hesabatın dərcinə razılıq verib.

Bizimlə əlaqə saxlayın