21 
Iyl
2025
14:50
188

Gürcüstanın daxili işlər naziri Ermənistanlı həmkarını rəsmi səfər çərçivəsində qəbul edib

Gürcüstanın daxili işlər naziri Gela Geladze, rəsmi səfərlə ölkəyə gəlmiş Ermənistan Respublikasının daxili işlər naziri Arpine Sarqsyanı və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, iki ölkənin daxili işlər nazirləri Gürcüstan DİN-in ərazisində yerləşən, xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsinə ucaldılmış memorialı ziyarət edib və abidəyə əklil qoyublar.

Tədbirdə Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyan, səfirliyin nümayəndələri, Ermənistan nümayəndə heyətinin üzvləri, Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Rəsmi səfər çərçivəsində Arpine Sarqsyan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də görüş keçirəcək.

Bundan əlavə, Gürcüstan və Ermənistanın daxili işlər nazirləri “Gürcüstan hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişi imzalayacaqlar.

Ermənistanın daxili işlər naziri iki günlük səfəri zamanı həmçinin Gürcüstan DİN-in 112 İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinə, DİN Akademiyasına, Patrul Polisi Departamentinə və Xidmət Agentliyinə baş çəkərək bu qurumların fəaliyyəti ilə yaxından tanış olacaq.

Bizimlə əlaqə saxlayın