21 
Iyl
2025
11:07
214

İrakli Kobaxidze: Hakimiyyətə “prorus” damğasının vurulmasının yeganə səbəbi xarici tapşırıqlara tabe olmamağımızdır

Hazırkı hökumətə “prorus” damğasının vurulması məqsədli bir kampaniyanın tərkib hissəsidir və bunun yeganə səbəbi odur ki, hökumət xaricdən gələn təlimatlara tabe olmur, suverenliyi qoruyur, LGBT təbliğatına imkan vermir və müharibəyə qoşulmur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.

Sosial şəbəkədə yaydığı açıqlamada Kobaxidze bildirib ki, müxtəlif ölkələrdə siyasi rəqiblərə “prorus” damğası vurmaq “dərin dövlət”in (Deep State) çoxdan sınanmış metodudur və bu məqsədlə ən güclü vasitə kimi media istifadə olunur. Onun sözlərinə görə, məhz media vasitəsilə istənilən siyasi fiqur haqqında cəmiyyətə faktlara əsaslanmayan neqativ imic formalaşdırmaq mümkündür.

“Gürcü siyasətində prorus damğası məhz “Gürcü Arzusu” hakimiyyətə gəldiyi vaxtdan ortaya çıxdı. Bu kampaniyada həm yerli radikal müxalifət və QHT-lər, həm də onların xaricdəki himayədarları, o cümlədən Avropa bürokratiyasının nümayəndələri iştirak edir,” – deyə Kobaxidze vurğulayıb.

Baş nazir əlavə edib ki, dezinformasiyaya əsaslanan bu tip təbliğatın əsas hədəflərindən biri də hakim partiyanın qurucusu Bidzina İvanişvilidir. Onun sözlərinə görə, illərdir İvanişviliyə qarşı prorus ittihamları səsləndirilsə də, bu günə qədər heç bir sübut təqdim olunmayıb.

Kobaxidze buna nümunə olaraq Fransa, Rumıniya və Moldovada baş verən analoji halları göstərib – Fransada Marin Le Penin, Rumıniyada Georgeskunun, Moldovada isə müxalif qüvvələrin eyni üsulla siyasi proseslərdən uzaqlaşdırıldığını qeyd edib.

Baş nazir, həmçinin, amerikalı siyasətçi Tulsi Qabbardı da xatırladaraq bildirib ki, o, “dərin dövlət”in fəaliyyətini ifşa edib və Donald Trampa qarşı aparılan diskreditasiya kampaniyasının məhz bu qurum tərəfindən təşkil olunduğunu sübutlarla ortaya qoyub.

“Cəmiyyətin tam şəkildə məlumatlandırılması çox vacibdir. İnsanlar bilməlidir ki, oliqarxik və qeyri-rəsmi idarəetmə öz siyasi rəqiblərini diskreditasiya etmək üçün hansı metodlardan istifadə edir. Çünki həqiqətlə silahlanmış cəmiyyət dövlətin möhkəmliyinin əsas təminatıdır,” – deyə Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın