19 
Iyl
2025
17:18
244

Mdinaraadze Avropa Parlamentinə cavab verdi: “Avtoritar idarəetmə” ittihamı təsadüfən bu gün elan olunan aksiyaya “üst-üstə düşdü”

Gürcüstan parlamentində hakim “Gürcü Arzusu” fraksiyasının lideri Mamuka Mdinaraadze Avropa Parlamentinin Gürcüstanla bağlı son bəyanatına cavab verib.

InterPress.ge məlumat verir ki, Avropa Parlamenti daha əvvəl bildirmişdi ki, Gürcüstan hazırkı “avtoritar” idarəetməni dəyişmədiyi halda, Avropa İttifaqına üzv ola bilməyəcək.

Mdinaraadze “Facebook” paylaşımında qeyd edib ki, keçən il onları Aİ-yə inteqrasiyadan imtina etməkdə ittiham edənlər bu dəfə hökuməti “avtoritar rejimdə” günahlandıraraq kursun dəyişdirilməsini tələb edirlər:

“Keçən il deyirdilər ki, Aİ-yə inteqrasiyadan siz imtina etdiniz və etirazları da bununla bəsləyirdilər. İndi isə məlum olur ki, bu, guya ‘avtoritar idarəetmənin’ günahıdır və dərhal kurs dəyişilməlidir”.

O, Avropa Parlamentinin açıqlamasının bu gün – 19 iyulda elan olunan radikal müxalifətin aksiyası ilə üst-üstə düşməsini “sürpriz təsadüf” adlandırıb və buna istehza ilə yanaşıb.

Mdinaraadze əlavə edib ki, Gürcüstan hökumətinə qarşı irəli sürülən tələblərin arxasında ölkənin daxili və milli dəyərlərinə qarşı yönəlmiş məqsədlər dayanır. Onun sözlərinə görə, hökumət dəyişməli, “Saakaşvili modeli” bərpa olunmalı, ölkə MDB-yə qoşulmalı, iqtisadi inkişaf Moldovanın səviyyəsinə endirilməli və Rusiyayla müharibə vəziyyətinə salınmalıdır.

“Ailə dəyərlərindən və milli xüsusiyyətlərdən imtina da bu ‘kurs dəyişiminin’ tərkib hissəsidir”, – deyə o bildirib.

Mdinaraadze həmçinin qeyd edib ki, Gürcü xalqı heç vaxt öz kimliyindən imtina etməyəcək və heç kim bu reallıqla barışmaqdan qaça bilməyəcək.

Xatırladaq ki, Avropa Parlamentinin rəsmi “X” hesabında yayılan bəyanatda qeyd olunurdu:

“Avropa Parlamenti Gürcü xalqının yanındadır. Parlament Gürcüstanın hazırkı hökumətini tanımır və bəyan edir ki, ədalətli seçkilər keçirilməyənə qədər ölkənin Aİ-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər