Gürcüstanda 600-ə yaxın kitab təhsil mərkəzlərinə hədiyyə edilib - FOTO
Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan dilində kitabların bölgələrə paylanmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirin açılışında muzeyin direktoru Leyla Əliyeva çıxış edərək təşəbbüsü yüksək qiymətləndirib, layihənin milli-mədəni irsin qorunmasına və gələcək nəsillərin maariflənməsinə töhfə verəcəyini vurğulayıb.
Daha sonra “Maarif” təşkilatının direktoru Aygül İsayeva layihə barədə ətraflı məlumat verib. O bildirib ki, Gürcüstandakı azərbaycanlı icmasının qarşılaşdığı əsas problemlərdən biri regionlarda Azərbaycan dilində kitabların azlığı və kitabxana infrastrukturunun zəifliyidir. Bu çətinlikləri qismən də olsa aradan qaldırmaq məqsədilə azərbaycanlıların yaşadığı bölgələrdəki təhsil mərkəzlərinə 600-ə yaxın kitab paylanacaq. Bu kitablar həm klassik və çağdaş Azərbaycan ədəbiyyatından, həm də dünya ədəbiyyatından tərcümə olunmuş nümunələrdən ibarətdir.
“Bu sadəcə bir kitab paylama aksiyası deyil – bu, dilimizə, milli-mədəni dəyərlərimizə və kimliyimizə sahib çıxmaqdır. Layihəmiz gələcəkdə də davam edəcək”, – deyə Aygül İsayeva qeyd edib.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşı Cavid Məhərrəmov layihənin uşaqlar və gənclər üçün milli kimliyin formalaşması və ümumbəşəri dəyərlərlə tanışlıq baxımından önəmini vurğulayıb.
Tədbir Tbilisi, Rustavi, Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Saqareco və Laqodexi bölgələrində yerləşən təhsil mərkəzlərinin rəhbərlərinin çıxışları ilə davam edib.
Qeyd edək ki, layihə “Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin maliyyə, “Maarif” təşkilatının isə təşkilati dəstəyi ilə həyata keçirilir. Kitablar “3 alma” TEAS Press Nəşriyyatına məxsusdur.
Kitabları aşağıdakı mərkəzlərdən əldə etmək mümkündür:
1. Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi – Tbilisi
2. Alyans Gənclər Mərkəzi – Tbilisi
3. Parlaq Gələcək Tədris Mərkəzi – Saqareco, Yormuğanlı kəndi
4. Qabal İnkişaf Mərkəzi – Laqodexi, Qabal kəndi
5. Qardabani Təhsil və İnteqrasiya Mərkəzi – Qardabani
6. Qardabani Mədəniyyət və İncəsənət Mərkəzi – Qardabani
7. Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi – Bolnisi
8. Parlaq Gələcək Gənclər Mərkəzi – Bolnisi, Sayalıoğlu kəndi
9. Bilik Zirvəsi Təhsil Mərkəzi – Bolnisi, Faxralı kəndi
10. Arxlı İcma Mərkəzi – Bolnisi, Arxlı kəndi
11. Dmanisi Təhsil Mərkəzi – Dmanisi
12. Çay Evi – Marneuli
13. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi – Marneuli
14. Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzi – Marneuli, Sadaxlı kəndi
15. Yuxarı Saral Təhsil Mərkəzi – Marneuli, Yuxarı Saral kəndi
16. Kür Tədris və İnkişaf Mərkəzi – Marneuli, Keşəli kəndi
17. Borçalı Xalçası və İncəsənət Mərkəzi – Marneuli
18. Rustavi Təhsil və Mədəniyyət Mərkəzi – Rustavi



