ABŞ və Rusiya nümayəndələri Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin həlli məsələsini müzakirə ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, danışıqlarda həmçinin İran və Suriya ətrafında yaranmış vəziyyət də gündəmdə olub.
“Danışıqlar zamanı tərəflər münaqişəli vəziyyətlərin sülh yolu ilə həlli yollarının tapılması, Rusiya-ABŞ iqtisadi və humanitar əməkdaşlığının bərpası, eləcə də iki ölkənin ictimaiyyətləri arasında maneəsiz əlaqələrin təmin olunması niyyətlərini təsdiqlədilər. Həmçinin, ikitərəfli diplomatik nümayəndəliklərin fəaliyyətinin normallaşdırılması üçün işlərin davam etdirilməsinin vacibliyini vurğuladılar,” – deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Nazirlik həmçinin əlavə edib ki, Rusiya və ABŞ Xarici İşlər Nazirlikləri arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı konstruktiv dialoq davam etdiriləcək.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşü bu gün Malayziyada keçirilib və təxminən 50 dəqiqə davam edib.


