10 
Iyl
2025
12:47
242

Giorgi Baramidze: Avropa Parlamentinin qətnaməsi tarixi sənəddir və “Gürcü Arzusu”nun 4 oktyabrda planlaşdırdığı seçkilərin leqitimlik aləti olacağını açıq göstərir

“Vahid Milli Hərəkat”ın siyasi katibi Giorgi Baramidze Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnaməni tarixi sənəd adlandırıb və bildirib ki, belə açıq mövqe Avropa İttifaqından heç vaxt olmamışdı.

Onun sözlərinə görə, bu qətnamə Gürcüstanda demokratiyanın ağır vəziyyətini açıq şəkildə ortaya qoyur.

“Avropa Parlamenti çoxluq səsilə qəbul etdiyi qətnamədə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiqləyir, ölkədəki rejimin təbiəti ilə bağlı ciddi narahatlığını ifadə edir. Parlament “Gürcü Arzusu”nu legitim hakimiyyət kimi tanımır, ölkədə siyasi məhbusların, o cümlədən Mixeil Saakaşvilinin, Zurab (Girçi) Japaridzenin, Nika Qvaramianın, Nika Melianın, Mamuka Xazaradzenin və Badri Japaridzenin həbsini pisləyir və onların azad olunmasını tələb edir. Avropa Parlamenti həmçinin siyasi motivlərlə həbs edilmiş digər gənclərin də azad olunmasını tələb edir.

Qətnamə açıq şəkildə bildirir ki, 4 oktyabrda keçiriləcək bələdiyyə seçkiləri yalnız rejimin legitimləşdirilməsi üçün nəzərdə tutulub və ona etimad göstərilməyəcək. Bu, Avropa İttifaqının indiyədək Gürcüstana münasibətdə ən sərt və açıq mövqeyidir. Bu, həm də ölkəmizin nə qədər ağır vəziyyətə düşdüyünü göstərir – vaxtilə Avropa və NATO inteqrasiyasında lider hesab olunan bir ölkə indi praktiki izolyasiyaya gətirilib və əsas tərəfdaşımız belə qətnamə qəbul edir.

Biz sonadək mübarizə aparacağıq, əlbəttə, dinc və qeyri-zorakı üsullarla, amma prinsipial və ardıcıl şəkildə bu xəyanətkar rusiyapərəst rejimə qarşı. Fürsətdən istifadə edərək “Lelo” partiyasına da müraciət edirəm – səhvlərini başa düşsünlər və inadkarlıq etməsinlər, müxalifətin birliyini pozmasınlar və rus xüsusi əməliyyatına xidmət edib “Gürcü Arzusuna” legitimlik qazandırmasınlar, necə ki, Avropa Parlamentinin qətnaməsində də açıq deyilir. Biz yalnız birlikdə mübarizə apararaq nəticə əldə edə bilərik”, – deyə Baramidze bildirib.

Giorgi Baramidze parlament sədri Şalva Papuaşvilinin guya Avropa İnsan Haqları Məhkəməsinin Saakaşvilinin dövründə sistemli işgəncə hallarını təsdiqlədiyi barədə bəyanatını da şərh edib:

“Bu, tamamilə yalan və Kreml təbliğatının tərkib hissəsidir. Saakaşvilinin dövründə belə bir sistemli işgəncə ilə bağlı Avropa Məhkəməsinin qərarı yoxdur. Bu cür saxta, çirkin təbliğat yalnız bu kriminal və xəyanətkar rejimin xüsusiyyətidir. Onlar xalqı aldatmağa çalışırlar. Biz bir daha onları çağırırıq ki, ağlını başına yığsınlar, Putinin şəxsi əsiri olan prezident Saakaşvilini və digər siyasi məhbusları azad etsinlər və ölkəni sivil inkişaf yoluna qaytarsınlar.”

Baramidze Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvilinin “Gürcü Xartiyasının” yenilənməsi və bələdiyyə seçkilərində iştirakla bağlı bəyanatına da cavab verib:

“Biz Zurabişvilinin seçkiləri fars və rus xüsusi əməliyyatı adlandırmasını alqışlayırıq və hər kəsin düzgün qiymətləndirməsini dəstəkləyirik. Amma onun çıxışının ikinci hissəsi tam anlaşılmazdır – əgər seçkiləri fars və rus əməliyyatı adlandırırsansa, deməli, orada iştirak etməməlisən. Hüquqi və siyasi dildə buna boykot deyilir. Daha dəqiq ifadə isə dinc, qeyri-zorakı müqavimət və xəyanətkar kriminal rusiyapərəst rejimlə əməkdaşlıqdan imtinadır. Bu rejimi tanımamaq, onunla əməkdaşlıq etməmək – bax budur bizim mübarizəmizin mahiyyəti. Yalnız belə şəraitdə ölkədə dəyişiklik baş verəcək və yeni, ədalətli parlament seçkilərinin keçirilməsi mümkün olacaq.”

Bizimlə əlaqə saxlayın