Ölkə üzrə onlarla ünvanda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik ittihamı ilə onlarla şəxs saxlanıldı
Gürcüstanın Daxili İşlər naziri Gela Geladze ölkə miqyasında keçirilən genişmiqyaslı əməliyyat barədə məlumat verib.
Onun sözlərinə görə, ötən gecə Gürcüstanın müxtəlif bölgələrində keçirilən əməliyyatlar zamanı narkotik cinayətləri ilə bağlı 34 nəfər saxlanılıb.
Nazirin verdiyi məlumata əsasən, saxlanılanlar arasında həm Gürcüstan vətəndaşları, həm də əcnəbilər var. Onların əksəriyyəti müxtəlif növ narkotik maddələrin qanunsuz satışında iştirak edirmiş, bir qismi isə böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsində və saxlanılmasında ittiham olunur. Geladze qeyd edib ki, saxlanılanlar arasında iri narkosatıcılar da var.
“İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər narkotiklərin satış sxemlərinə cəlb olunublar. Onlar internet tətbiqləri və sosial şəbəkələr vasitəsilə müştərilərlə əlaqə quraraq narkotik maddələri konkret yerlərdə gizlədir və satırdılar. Narkotiklərin satışı ölkənin müxtəlif əyləncə məkanlarında, o cümlədən gecə klublarında planlaşdırılırdı,” – deyə nazir bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı polis əməkdaşları hakim qərarı əsasında bir neçə dəfə nəzarətli alış həyata keçirib və həmin əməliyyatlar zamanı gizli audio-video çəkiliş aparılıb.
Axtarışlar zamanı saxlanılan şəxslərin üzərindən və yaşadıqları evlərdən böyük miqdarda müxtəlif növ narkotik maddələr – heroin, kokain, suboxone, metadon, alfa-PVP və digər vasitələr, narkotiklərin qablaşdırılması üçün materiallar, eləcə də narkotik satışından əldə edildiyi güman edilən pul vəsaitləri aşkar edilərək götürülüb. Əlavə olaraq, qeydiyyatsız odlu silahlar və döyüş sursatları da aşkar edilərək müsadirə olunub.
Nazirin sözlərinə görə, əgər onların günahı sübuta yetirilərsə, saxlanılan şəxslər 20 ilədək və ya ömürlük həbs cəzası ilə cəzalandırıla bilər.
Sonda Geladze əməliyyatda iştirak edən bütün polis əməkdaşlarına təşəkkürünü bildirərək vurğulayıb ki, narkotiklərin yayılmasının qarşısını almaq və cəmiyyətin təhlükəsizliyini təmin etmək üçün mübarizə davam edəcək.


