Şalva Papuaşvili: “Avropa İttifaqının səfirliyi tərəfindən maliyyələşdirilən təşkilatlar yerli özünüidarəetmə seçkilərinin pozulmasına hazırlaşır – bu faktdır”
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib ki, Avropa İttifaqının səfirliyi tərəfindən maliyyələşdirilən təşkilatlar artıq indidən yerli özünüidarəetmə seçkilərinin pozulmasına hazırlaşır. Onun sözlərinə görə, bu barədə açıq danışmaq lazımdır.
“Avropa İttifaqının səfirliyinin təsdiqi ilə maliyyələşdirilən təşkilatlar artıq indidən yerli özünüidarəetmə seçkilərinin pozulması üzərində işləməyə başlayıblar. Avropa İttifaqının büdcəsindən ayrılan pullar Gürcüstanda yerli seçkilərin pozulmasına sərf olunur. Bu faktdır! Və bu barədə açıq danışmalıyıq,” – deyə Papuaşvili qeyd edib.
Parlament sədri vurğulayıb ki, “Gürcü Arzusu”nun məqsədi Avropa İttifaqına beynəlxalq hüququ pozmağa imkan verməməkdir.
“Keçən il seçkilər ərəfəsində biz çalışırdıq ki, müəyyən dərəcədə hesaba qataq, bəzi xarici səfirləri və ya siyasətçiləri qorumağa çalışaq. Amma gördük ki, bunun nəticəsi nə oldu. Bundan sonra onlar bizim seçkilərə daha kobud şəkildə qarışmağa başladılar.
İndidən demək lazımdır ki, Avropa İttifaqının səfirliyi tərəfindən maliyyələşdirilən təşkilatlar yerli seçkilərin pozulmasına hazırlaşır. Buna görə də tam məsuliyyət donorların üzərində olacaq və biz hər bir halda çox açıq danışacağıq və həm təşkilatı, həm də donoru birbaşa ifşa edəcəyik. Çünki bu beynəlxalq hüququn pozulmasıdır.
Bizim vəzifəmiz də budur ki, Avropa İttifaqına beynəlxalq hüququ pozmağa imkan verməyək. Bu, bizim xalqımızın da istəyidir – Avropa İttifaqının malik olduğu və Brüssel bürokratiyasının korladığı reputasiyanı qorumaq. Biz Brüssel bürokratiyasına və bəzi donorlara imkan verməyəcəyik ki, Avropa İttifaqının və Avropa dəyərlərinin nüfuzuna zərər vursunlar. Onlar tez-tez Avropa dəyərlərindən danışırlar, amma əməldə beynəlxalq hüququ pozurlar,” – deyə Papuaşvili bildirib.


