
Mixeil Kavelaşvili məhkum siyasətçilərə çağırış etdi: “Seçkidə iştirak etmək istəyinizi təsdiqləyin, dərhal əfv edəcəyəm”
Mixeil Kavelaşvili məhkum siyasətçilərə müraciət edərək onları əfv üçün rəsmi ərizə təqdim etməyə və 2025-ci il 4 oktyabrda keçiriləcək yerli özünüidarəetmə seçkilərində iştirak etmək niyyətlərini təsdiqləməyə çağırıb.
InterPress.ge xəbər verir ki, Kavelaşvili bu barədə sosial şəbəkə “Facebook” vasitəsilə yaydığı bəyanatda bildirib.
O bildirib ki, belə halda dərhal onların əfv olunması barədə sərəncam imzalayacaq.
Onun sözlərinə görə, qarşıdan gələn seçkilərdə bütün siyasi partiyaların tam iştirakını və sərbəst kampaniya aparmasını təmin etmək çox vacibdir.
“Dəqiq üç aydan sonra, 2025-ci il 4 oktyabrda Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçiriləcək. Bu seçkilərdə ölkə əhalisi 64 bələdiyyənin meri və bələdiyyə məclisinin üzvlərini seçəcək. Çox vacibdir ki, Gürcüstan qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və iştirak etmək istəyən bütün siyasi partiyalar bu seçkilərdə tam şəkildə iştirak etsin və sərbəst kampaniya apara bilsin.
Hamıya məlumdur ki, bir neçə siyasi partiyanın konkret liderləri hazırda Gürcüstan qanunvericiliyinə əsasən azadlıqdan məhrumetmə müəssisələrində cəza çəkirlər. Bu vəziyyəti nəzərə alaraq, bütün müvafiq məhkum siyasətçilərə təklif edirəm ki, əfv üçün ərizə ilə müraciət etsinlər və həmin ərizədə seçkidə iştirak etmək istəklərini təsdiqləsinlər. Belə müraciət daxil olduqda, dərhal onların əfv edilməsi barədə akt imzalayacağam,” – deyə Kavelaşvili qeyd edib.