04 
Iyl
2025
20:55
201

İrakli Kobaxidze biznes nümayəndələri ilə görüş keçirdi

Baş nazir İrakli Kobaxidze ölkənin biznes sektorunun nümayəndələri ilə görüş keçirib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat yayıb. 

Görüşdə əsas diqqət Gürcüstanın iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalara və yüksək iqtisadi artım tempinə yönəlib. Qeyd edilib ki, bu göstərici ilə Gürcüstan həm geniş regionda, həm də Avropada birinci yerdədir.

Baş nazirin sözlərinə görə, iqtisadi inkişaf ölkənin beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi baxımından da vacibdir və hökumət bu istiqamətə gələcəkdə də xüsusi diqqət ayıracaq.

Hökumət başçısı ölkədə yoxsulluğun azaldılması və məşğulluğun artırılması ilə bağlı müsbət nəticələrə toxunaraq bildirib ki, ötən il 68 min yeni iş yeri yaradılıb. O, bu prosesdə biznesin rolunu xüsusi qeyd edib və sahibkarlara təşəkkürünü bildirib.

İrakli Kobaxidze həmçinin ölkədə mövcud olan müsbət fiskal göstəricilərə, aşağı inflyasiya səviyyəsinə və milli valyutanın məzənnəsinin sabitliyinə də diqqət çəkib. O vurğulayıb ki, hökumət iqtisadi artımın daha da sürətlənməsi üçün fəal işləyir.

Baş nazir bizneslə görüşdə korrupsiyanın maksimum dərəcədə azaldılması istiqamətində hökumətin həyata keçirdiyi addımlar, o cümlədən kadr islahatları barədə də danışıb. Bildirib ki, korrupsiya iqtisadi inkişafı əngəlləyir və onun səviyyəsini minimuma endirmək üçün bütün tədbirlər görüləcək. Baş nazirin sözlərinə görə, bu istiqamətdə siyasi iradə mövcuddur və kadr seçimi zamanı əsas diqqət vicdanlılığa yönəldiləcək.

O, hökumətin son dövrdə atdığı addımları da qeyd edib. Bunlara hökumətin bütün hüquqi aktlarının tam şəffaflığı, daşınmaz əmlakın birbaşa satış praktikasının aradan qaldırılması, iri dövlət satınalmalarının daha detallı nəzarəti daxildir ki, bu işi Hökumətin Effektivlik Departamenti həyata keçirir.

İrakli Kobaxidze ilə biznes nümayəndələrinin görüşü geniş formatda sual-cavab rejimində keçib. Tədbirdə müxtəlif sahələri təmsil edən 80-dən çox biznes nümayəndəsi iştirak edib.

Bizimlə əlaqə saxlayın