
Gürcüstan hökuməti ali təhsil islahatının konsepsiyasını yaxın günlərdə ictimaiyyətə təqdim edəcək
Gürcüstan hökuməti yaxın vaxtlarda ali təhsilin islahatı üzrə konsepsiyanı geniş ictimaiyyətə təqdim edəcək. Bu məsələ bu gün Baş nazir İrakli Kobaxidzenin rəhbərliyi ilə keçirilən Ali Təhsil İslahatı üzrə hökumət komissiyasının iclasında müzakirə olunub.
InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat verib.
İclasda komissiya üzvləri konsepsiya ilə bağlı mövqelərini yekun olaraq razılaşdırıblar. Sənəd daha da təkmilləşdirilməsi məqsədilə sahə mütəxəssisləri, ali məktəblərin rəhbərləri və biznes sektorunun nümayəndələri ilə birlikdə müzakirə ediləcək. Son mərhələdə isə konsepsiya geniş ictimaiyyətə təqdim olunacaq. Ali təhsil islahatının konsepsiyası üzərində iş bir neçə ay ərzində davam edib.
İclasda xüsusi olaraq vurğulanıb ki, konsepsiya qarşıdakı bir neçə il ərzində ali təhsil sisteminin qarşısında duran əsas problemlərin həllini nəzərdə tutur.
Baş nazir İrakli Kobaxidze iclasda qeyd edib ki, hazırlanan konsepsiya əsasında Gürcüstanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi və elə bir sistemin yaradılması mümkün olacaq ki, gənclər Avropa standartlarına uyğun yüksək keyfiyyətli ali təhsili elə Gürcüstanda əldə edə bilsinlər.