
Qanun qəbul oldu: Bu cərimələr artırılır - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Parlamentin bugünkü iclasında “Administrativ Xətalar Məcəlləsinə” edilən dəyişikliklər üçüncü oxunuşda sürətləndirilmiş qaydada qəbul edilib.
InterPress.ge xəbər verir ki, bu dəyişikliklər həm sürücülər, həm də piyadalar üçün inzibati məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutur.
Qəbul edilmiş layihəyə əsasən, özbaşına dəyişdirilmiş nəqliyyat vasitəsini idarə etmək üçün cərimə 100 lari yerinə 200 lari olacaq. Özbaşına dəyişdirilmiş vasitələrə, o cümlədən səsboğucusu dəyişdirilən avtomobillər də daxildir. Bu cür qayda pozuntusu halında polis sürücünü idarəetmədən kənarlaşdırmağa və avtomobili xüsusi dayanacağa aparmağa səlahiyyətli olacaq.
Məcəlləyə yeni xətalar da əlavə edilib. Belə ki, yol hərəkəti iştirakçısını aldatmaq məqsədilə, qanunla müəyyən edilmiş rəngdən fərqli istənilən digər rəngdə sayrışan işıq siqnalı quraşdırılması 2 000 lari cərimə, həmin siqnalın müsadirəsi və sürücülük balından 15 balın silinməsi ilə nəticələnəcək. Təkrar pozuntu halında isə cərimə 2 500 lari olacaq, sayrışan siqnal müsadirə ediləcək və 20 bal silinəcək.
Dəyişikliklərə əsasən, “drift” (nəqliyyat vasitəsini bilərək sürüşdürərək idarəetmə) üçün də inzibati məsuliyyət bütün növ nəqliyyat vasitələrinin sürücülərinə tətbiq olunacaq.
Piyadalar üçün də qaydalar sərtləşdirilib və cərimələr artırılıb. Yol hərəkəti tənzimləyici siqnallara tabe olmamaq və yol nişanı və ya yol işarələrinin tələblərinə əməl etməmək halları üçün cərimə 10 laridən 50 lariyə qaldırılıb. Təkrar hal üçün isə cərimə 20 laridən 100 lariyə yüksəlib.
Əgər eyni qayda pozuntusu avtomagistralda, beynəlxalq və ya daxili dövlət əhəmiyyətli yolda baş verərsə, piyada 100 lari cərimələnəcək. Bir il ərzində təkrar pozuntu baş verərsə, cərimə 200 lari olacaq.