.jpg)
Son günlərdə Gürcüstandan 41 xarici vətəndaş deportasiya edilib
Son günlərdə nazirliyin Miqrasiya Departamenti və digər aidiyyəti bölmələrinin koordinasiyalı və kompleks tədbirləri nəticəsində ölkədən 41 xarici vətəndaş çıxarılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, deportasiya olunanlar Azərbaycan, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Pakistan, Rusiya, Cənubi Afrika, Ermənistan və Zimbabve vətəndaşlarıdır. Deportasiya edilən şəxslərə Gürcüstana daxil olma qadağası da tətbiq olunub.
DİN-in məlumatına görə, təkcə 2025-ci ilin iyun ayında keçirilən analoji tədbirlər nəticəsində 124 xarici vətəndaş Gürcüstandan çıxarılıb. Ümumilikdə isə 2025-ci ilin ilk altı ayında ölkədən 525 nəfər deportasiya olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 280 faiz artım deməkdir.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh qurumdur. Onun əsas səlahiyyətlərindən biri də ölkədə hüquqi əsas olmadan yaşayan xarici vətəndaşların müəyyən edilməsi və deportasiyasını həyata keçirməkdir.