
Ekaterinburqda Azərbaycan diasporunun lideri saxlanılıb və daha sonra sərbəst buraxılıb
Rusiyanın Ekaterinburq şəhərində Ural bölgəsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı rusdilli Meduza nəşri yayıb.
Jurnalistlərin verdiyi xəbərə görə, saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları Şıxlinskinin avtomobilinin şüşəsini sındırıblar, onu güclə maşından çıxarıb qandallayıblar. Saxlanmanın rəsmi səbəbləri bu vaxtadək açıqlanmayıb.
Məlumata görə, onunla birlikdə oğlu da saxlanılıb, lakin daha sonra oğlu sərbəst buraxılıb. Şıxlinskinin oğlunun bildirdiyinə görə, əməliyyatı Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) həyata keçirib.
Eyni vaxtda, demək olar ki, paralel olaraq, Rusiyanın Voronej şəhərində də Azərbaycan əsilli daha bir şəxs – bölgənin ən böyük bazarının şərik sahiblərindən olan iş adamı Yusuf Xəlilov saxlanılıb. Onun da saxlanma səbəbləri açıqlanmayıb.
Rus mediasının son məlumatına görə, Ekaterinburqda saxlanılan Şahin Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb. Məlumata əsasən, o, şahid qismində İstintaq Komitəsinin regional idarəsinə aparılmışdı.