
Avropa Şurasının Konqresindən Gürcüstanda siyasi vəziyyətə dair bəyanat: “Müxalif liderlərin həbsi dialoqu əngəlləyir”
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Mark Kuls Gürcüstanda siyasi vəziyyətin pisləşməsindən və xüsusilə müxalifət liderlərinin həbslərindən dərin narahatlıq ifadə edib.
Onun sözlərinə görə, bu addımlar ölkədə siyasi qüvvələr arasında dialoq imkanlarını ciddi şəkildə zəiflədir.
“Gürcüstanda səkkiz müxalifət partiyasının birgə yaydığı bəyanatı izləyirəm, burada onlar 2025-ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərini boykot edəcəklərini bildirirlər. Təəssüf hissi ilə qeyd edirəm ki, etimada əsaslanan şəraitdə seçkilərə qatılma şərtləri hələ də təmin olunmayıb. Konqres bütün Gürcü siyasi qüvvələri ilə əməkdaşlığa hazırdır ki, bu şərtlərin yerinə yetirilməsi mümkün olsun,” – deyə Kuls bildirib.
Avropa Şurasının Konqresi 2025-ci il martın 26-da qəbul etdiyi qətnamə və tövsiyələrdə Gürcüstan hökumətini hökumətin bütün səviyyələrində, o cümlədən yerli hakimiyyətlə, müxalifətlə və vətəndaş cəmiyyəti ilə inklüziv siyasi dialoqu bərpa etməyə çağırıb. Məqsəd qütbləşməni azaltmaq, plüralist demokratiyada zəruri nəzarət və balans mexanizmlərini bərpa etmək və müxalifətin iştirak hüquqlarını təmin etməkdir. Konqresin bəyanatında vurğulanır ki, bu, 2025-ci il bələdiyyə seçkiləri öncəsi demokratik mühitin bərpası üçün vacibdir.
Mark Kuls bir daha Gürcüstan hakimiyyətini müxalifətə qarşı təqibləri dayandırmağa və bütün idarəetmə səviyyələrində siyasi dialoqa başlamağa çağırıb.
“Bu gün Konqres adından bir daha həmin çağırışı təkrarlayıram. Gürcüstan hakimiyyətini müxalifətə qarşı təqibləri dayandırmağa və idarəetmənin bütün səviyyələrində siyasi dialoqa başlamaya çağırıram ki, yerli seçkilərin keçirilməsi üçün zəruri şərait yaradılsın. Bu, Konqresin 476(2022) nömrəli tövsiyəsində də açıq şəkildə qeyd olunub,” – deyə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Mark Kuls vurğulayıb.