
Sürücülərin nəzərinə: Bu qaydalarının pozulmasına görə cərimələr artırılır
Parlamentdə sürətləndirilmiş qaydada baxılan yeni dəyişikliklərə əsasən, Gürcüstanda nəqliyyat vasitələrinin qeyri-qanuni modifikasiyası üçün pul cəriməsi artırılır.
InterPress.ge xəbər verir ki, avtomobili özbaşına şəkildə, o cümlədən səsboğucu (mafyuç) sistemini dəyişməklə modifikasiya edən sürücülər 100 lari əvəzinə 200 lari cərimələnəcəklər. Qanun layihəsinə görə, bu qaydanı pozan sürücüləri polis idarəetmədən kənarlaşdıracaq və avtomobil xüsusi dayanacağa yerləşdiriləcək.
Yeni dəyişikliklər inzibati qayda pozuntuları məcəlləsinə əlavə bir sıra yeni pozuntuları da nəzərdə tutur.
Dəyişikliklərə əsasən:
Nəqliyyat vasitəsində yol hərəkəti iştirakçısını çaşdırmaq məqsədilə qanunla müəyyən olunmuş rəngdən fərqli yanıb-sönən siqnal lampası quraşdırmaq 2 000 lari cərimə, siqnalın müsadirəsi və sürücülük balından 15 balın silinməsi ilə nəticələnəcək.
Təkrar pozuntu halında cərimə 2 500 lari olacaq, yanıb-sönən siqnal yenidən müsadirə ediləcək və sürücünün balı 20 vahid azalacaq.
Həmçinin, məşhur “drift” hərəkətləri üçün inzibati məsuliyyət bütün nəqliyyat vasitələrinin sürücülərinə şamil ediləcək.
Qanun layihəsi digər cərimələrin də artırılmasını nəzərdə tutur:
Yol hərəkəti iştirakçısının (avtomobil sürücüsü istisna olmaqla) yol hərəkəti haqqında qanunun və ya yol hərəkəti tənzimləyici siqnalın tələblərinə əməl etməməsinə görə cərimə 10 laridən 50 lariyə artırılacaq. Təkrar pozuntu halında cərimə 20 laridən 100 lariyə qədər yüksələcək.
Avtomagistralda və beynəlxalq və ya dövlətə məxsus yollar üzərində eyni qayda pozuntularına görə cərimə 100 lari, təkrar pozuntu halında (1 il ərzində) isə 200 lari olacaq.
Parlamentdə bu dəyişikliklərin qısa müddətdə qəbul olunacağı gözlənilir.