Salome Samadaşvili: Ermənistan Gürcüstanı Avropa İttifaqı üçün əsas tərəfdaş ölkə kimi əvəz edə bilər
Hazırkı gedişata baxanda Ermənistan Gürcüstanı regionda Avropa İttifaqı üçün əsas tərəfdaş ölkə kimi əvəz edə bilər.
InterPress.ge xəbər verir ki, bu barədə “Lelo – Güclü Gürcüstan” partiyasının liderlərindən biri Salome Samadaşvili Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallasın Ermənistana səfərini şərh edərkən bildirib.
Samadaşvilinin sözlərinə görə, Avropa İttifaqı rəsmilərinin Ermənistana səfərləri məhz o yardımların və üstünlüklərin verilməsini hədəfləyir ki, Gürcüstan hazırkı hakimiyyətin siyasəti nəticəsində yaxın gələcəkdə itirə bilər.
“Avropa İttifaqı ilə münasibətlər həmişə dəyərlərə və bu və ya digər ölkənin demokratiya baxımından Aİ-nin gözləntilərinə nə dərəcədə cavab verməsinə əsaslanır. Ermənistanın demokratik irəliləyişindən sonra həm ölkənin geosiyasi seçimi dəyişdi və Aİ-yə üzv olmaq qərarı verdi, həm də Avropa İttifaqından böyük dəstək gördü. Bunun fonunda Gürcüstanda rus avtoritar sistemi quruldu və açıq görünür ki, Gürcüstan Aİ üçün regionda əsas tərəfdaş statusunu itirir. Gürcüstan Aİ-yə inteqrasiya yolunu itirdi və irəliləmir. Vizadan azad rejimin dayandırılması məsələsi də gündəmdədir. Eyni zamanda, Aİ nümayəndələrinin yüksək səviyyəli səfərlərini Ermənistana müşahidə edirik ki, bu da Gürcüstanın İvanişvilinin hakimiyyətinin həyata keçirdiyi siyasət nəticəsində yaxın gələcəkdə itirəcəyi bütün üstünlüklərin Ermənistana verilməsini nəzərdə tutur,” – deyə Salome Samadaşvili bildirib.
Samadaşvili həmçinin ötən gün keçirilən aksiyada Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin verdiyi bəyanatlara da münasibət bildirib və qeyd edib ki, Zurabişvili müxalifət daxilində fikir ayrılıqlarını aradan qaldırmaq üçün işləyə bilər.
“Mən Salome Zurabişvilinin birliyə çağırışını dəstəkləyirəm. Ancaq qeyd etməliyəm ki, birlik yalnız o halda baş tuta bilər ki, ortada konkret yol xəritəsi və vahid hərəkət planı olsun. Bu gün müxalifət spektrinin daha çox vaxta ehtiyacı var ki, mübarizə yolunu dəqiqləşdirsin və rus rejiminə qarşı necə mübarizə aparacağını müəyyən etsin. Bu məsələdə hələ də fikir ayrılıqları mövcuddur. Əgər Salome Zurabişvili öz resursunu bu fikir ayrılıqlarını aradan qaldırmağa və birliyin təmin edilməsinə sərf edərsə, biz bunu yalnız alqışlayarıq. Ona görə də “Lelo” təsis edildiyi gündən onun koordinatorluq etdiyi formatda fəal iştirak edir və əməkdaşlıq edir. Biz başa düşürük ki, siyasi məhbusların azad olunması və rus rejiminin məğlub edilməsi geniş ictimai birliklə mümkün olacaq və “Lelo” həmişə birliyin tərəfdarı olub,” – deyə Samadaşvili vurğulayıb.


