İrakli Kobaxidze: “Bəziləri hesab edirdi ki, xaricilər bizim üçün qanun yaza bilərdi”
"Bir neçə il əvvəl xarici diplomatlar Gürcüstan qanunvericiliyinə və qanunyaratma prosesinə qeyri-qanuni şəkildə müdaxilə edirdilər."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxış edərkən bildirib.
“Xatırlayıram, iki-üç il əvvəl xaricilər, o cümlədən diplomatlar – hansılar ki, qanunvericiliklə və qanunyaratma ilə heç bir əlaqəsi olmamalıdır – bizimlə bir masada otururdular və tez-tez bizi belə demək mümkünsə, yan keçərək, qanunlar yazır və bizə onları sırımağa çalışırdılar. Bəziləri hesab edirdi ki, dövlət zəifdir və ona belə davranmaq olar,” – deyə Kobaxidze vurğulayıb.
Baş nazir həmçinin bəyan edib ki, Gürcüstanın dövlət institutlarının zəiflədilməsi məqsədilə xaricdən gizli maliyyələşdirmə həyata keçirilirdi.
“Gizli xarici maliyyələşmə ilə dövlət institutlarını zəiflətmək istəyirdilər. Xaricdən gizli vəsaitlərlə bizim kilsəmizin nüfuzunu sarsıtmağa, LGBT təbliğatını, siyasi aksiyaları maliyyələşdirməyə çalışırdılar. Bütün bunlar ölkə əhalisindən gizli baş verirdi. Nə üçünsə düşünürdülər ki, bu onlara asanlıqla keçəcək və mümkün olacaq,” – deyə Kobaxidze qeyd edib.
Baş nazir Gürcüstanın ədalət mühakiməsi sisteminə xarici diplomatların birbaşa müdaxiləsinə də toxunub:
“Xatırlayın, məhkəmənin müstəqilliyinə birbaşa, kobud müdaxiləni. Belə müdaxilələr çox olub, amma konkret bir faktı xatırladım: bizim ədalət sistemimizin bir hakimi konkret bir səfirliyin nümayəndəsi tərəfindən çağırıldı və ondan konkret işlə bağlı hesabat tələb olundu. O, Gürcüstan Konstitusiyasını, Vyana Konvensiyasını kobud şəkildə pozdu və hüquq və diplomatik münasibətlərin bütün prinsiplərini tapdaladı. Daha sonra həmin işlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi də qərar verdi və gürcü hakimin qərarını tam ədalətli hesab etdi. Amma heç kim buna görə üzr istəmədi. Bəziləri düşünürdü ki, Gürcüstan dövlətinə belə davranmaq olar,” – deyə Kobaxidze bildirib.


