
İrakli Kobaxidze: “Gürcüstanın güclənməsi üçün iqtisadi artım əsas əhəmiyyətə malikdir”
Gürcüstanın baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı ölkənin inkişafı üçün iqtisadiyyatın əsas hərəkətverici qüvvə olduğunu vurğulayıb.
Baş nazirin sözlərinə görə, iqtisadi artım və inkişaf ölkənin güclənməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, demokratik sistemin möhkəmlənməsi və xarici siyasi mövqelərin gücləndirilməsi üçün əsas amildir.
“Hökumətin 150 səhifəlik proqram hesabatı bütün fəaliyyət sahələrini əhatə edir, amma sənəddə bütün layihələr deyil, əsasən son 12 ayda həyata keçirilənlər yer alıb”, – deyə Kobaxidze bildirib.
Baş nazir 2024-cü ilin iqtisadi göstəricilərinə də toxunaraq qeyd edib ki, 2024-cü ildə iqtisadi artım 9.4% təşkil edib və bu, 2021-ci ildən müşahidə olunan artım tendensiyasının qorunub saxlanıldığını göstərir.
“2025-ci ilin yanvar-aprel aylarında da iqtisadi artım 8.8% olub, yəni bu il də yüksək tempi qoruyuruq. May ayının ilkin göstəriciləri də çox yaxşıdır və deyə bilərəm ki, yalnız büdcədə nəzərdə tutulan hədəfə çatmayacaq, onu da keçəcəyik. Beynəlxalq Valyuta Fondu da 2025-ci il üçün artım proqnozunu 7.2%-ə qaldırıb və düşünürəm ki, bu hədəfə çatmaqla yanaşı, onu da üstələmək tam realdır. Keçən il yüksək iqtisadi artım qeydə alınıb, bu il də eyni tendensiya var və əsas məsələ artımın yüksək tempini qoruyub saxlamaqdır”, – deyə İrakli Kobaxidze əlavə edib.