Gürcüstanda özəl sektora əvəzləyici terapiya proqramlarının həyata keçirilməsi qadağan olunur – Baş nazir yeni qərarları açıqladı
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, ölkədə əvəzləyici terapiya proqramlarının özəl subyektlər tərəfindən həyata keçirilməsi tamamilə qadağan ediləcək. O, bu qərarın məqsədinin narkotik vasitələrin leqal şəkildə yayılmasının qarşısının alınması olduğunu bildirib.
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir hökumət binasında keçirilən brifinqdə qeyd edib.
Baş nazirin sözlərinə görə, metadon və buprenorfin kimi preparatların istifadəsi ilə həyata keçirilən əvəzləyici terapiya bəzi özəl klinikalar tərəfindən sui-istifadə edilir:
“Cəmiyyətdə əsaslı şübhələr var ki, özəl şirkətlərin əvəzləyici terapiya xidmətləri çox vaxt pasiyentin sağalmasına deyil, ona narkotik vasitələrin leqal şəkildə verilməsinə xidmət edir. Bu sahədə kommersiya maraqları müalicədən daha çox preparatın satışına yönəlmiş ola bilər. Bu praktika tamamilə dayandırılmalıdır. Bu səbəbdən, qərara gəldik ki, əvəzləyici terapiya proqramları yalnız dövlət tərəfindən həyata keçirilsin”.
Kobaxidze bildirib ki, bu yüksək riskli tibbi fəaliyyət növü ilə yalnız dövlət qurumları məşğul olmalıdır. Bu, vahid standartların tətbiqi və effektiv nəzarət üçün zəruridir.
O, həmçinin qeyd edib ki, dövlət proqramlarının həyata keçirilməsinə nəzarət sərtləşdiriləcək və müalicənin əsas məqsədi pasiyentin mümkün qədər tez sağalması olmalıdır:
“Əvəzləyici terapiyanın lisenziyasız istifadəsi və leqal narkomaniyanın təşviqi yolverilməzdir. Səhiyyə nazirinə göstəriş verdim ki, əvəzləyici terapiya üçün nəzərdə tutulan obyektlər qısa müddətdə sıx yaşayış məntəqələrindən çıxarılsın. Hal-hazırda bu infrastrukturun əhəmiyyətli hissəsi belə ərazilərdə yerləşir və yerli əhalinin haqlı narazılığına səbəb olur”.
Yeni qaydalara əsasən, bu sahədə tənzimləmə və nəzarət dövlətin tam səlahiyyətinə keçəcək.


