
Tinatin Bokuçava: "Rejim dəyişməlidir – demokratik spektr birləşməlidir"
“Vahid Milli Hərəkat” partiyasının sədri Tinatin Bokuçava “Lelo–Güclü Gürcüstan” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidzenin həbsinə münasibət bildirib.
Onun sözlərinə görə, baş verənlər demokratik qüvvələrin birləşməsi üçün bir siqnal olmalıdır.
“İvanişvilinin repressiyaları əvvəlcədən anons edilmişdi və bu heç kim üçün sürpriz deyil. Amma bu, yenə də bütün demokratik spektr üçün ayılma və birləşmə anı olmalıdır. Biz konsolidasiya olunmalı və birgə cəbhə yaratmalıyıq. Belə bir birliyin yaranması ilə rejimin dərhal dəyişməsi mümkündür. Bu, “Milli Hərəkat”ın uzun müddətdir təklif etdiyi yoldur və əminəm ki, demokratik qüvvələr yaxın vaxtlarda bu istiqamətdə razılığa gələcəklər,” – deyə Bokuçava bildirib.
O vurğulayıb ki, bu cür həbslər və ədalətsizliklərlə nə liderləri, nə partiyaları, nə də ictimaiyyəti qorxutmaq mümkün deyil: “Əksinə, bu addımlar İvanişvili üçün geriyə dönüşlü olacaq. Mən düşünürəm ki, bu hadisə bizi qələbəyə aparacaq böyük bir konsolidasiya üçün təkan verəcək.”