23 
Iyn
2025
11:33
168

Botkoveli: “Xalqın Qüvvəsi”nin bəyanatı İvanişvilinin rejiminin rəsmi mövqeyidir

“Vahid Milli Hərəkat” Partiyasının regional katibi Giorgi Botkoveli “Xalqın Qüvvəsi”nin bu gün Gürcüstandakı Avropa İttifaqının səfiri ilə bağlı yaydığı bəyanata münasibət bildirib. Onun sözlərinə görə, bu bəyanat birbaşa olaraq Bidzina İvanişvilinin rejiminin mövqeyidir.

Botkovelinin sözlərinə görə, bu, Gürcüstanın suverenliyini dağıtmaq məqsədilə həyata keçirilən planın bir hissəsidir:

“Bu bəyanat “Xalqın Qüvvəsi”nə aid deyil. Hansı “xalqın qüvvəsindən” danışırlar? Xalqın gücü o insanlardır ki, biz onları gündəlik etirazlarda görürük. Bu bəyanat İvanişvilinin rejiminin birbaşa mövqeyidir. Onlar vaxtilə guya müxalifət kimi təqdim olunurdular, lakin çox qısa zamanda öz yaratdıqları mifi dağıtdılar. ABŞ-a qarşı tənqidlə başlayan və indi Aİ səfirinin tənqidinə qədər gedib çıxan bütün bu bəyanatlar əslində İvanişvilinin rejiminin diktəsi ilə hazırlanır. İstər Kobaxidze danışsın, istərsə də “Xalqın Qüvvəsi”nin başqa nümayəndəsi – bu, mahiyyət etibarilə fərq etmir. Bu, onların planlaşdırılmış strategiyasıdır və məqsədləri ölkənin suverenliyini hər gün bir az daha sarsıtmaqdır,” – deyə Botkoveli bildirib.

Qeyd edək ki, “Xalqın Qüvvəsi” partiyası Gürcüstandakı Avropa İttifaqının səfiri Pavel Herçinskinin “Batumelebi” nəşrinə verdiyi müsahibəyə cavab olaraq geniş bəyanat yaymışdı. Partiya bəyanatda səfiri “dərin dövlətin” nümayəndəsi adlandıraraq onu Gürcüstanın suverenliyinə qarşı yönəlmiş fəaliyyətlərdə ittiham etmişdi. Açıqlamada həmçinin səfirin radikal müxalifət, QHT-lər və media qurumları ilə sıx əlaqədə olduğu, ölkədə qarşıdurma yaratmağa çalışdığı iddia olunmuşdu.

 

Bizimlə əlaqə saxlayın