
Aİ səfiri: “Gürcüstanda gənclər daha yaxşı gələcəyə layiqdir”
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib ki, Gürcüstanda gənclər daha yaxşı gələcəyə layiqdirlər.
InterPress.ge xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
“Mətə Devidzə, digər saxlanılan fəallar və siyasətçilərlə bağlı artıq mövqeyimi bildirmişəm. Bu, xüsusilə də gənclərlə bağlı çox kədərlidir. 21 yaşlı bir gənc – bu, sadəcə uşaqdır. Mən özüm də 20 yaşlı oğul atasıyam və doğrudan da kədərlidir ki, vətənini sevən, hüquq-mühafizə sistemi ilə heç vaxt problemi olmayan bir tələbəyə, yalnız polisə qarşı çubuq yellədiyinə görə 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilir. Bu, çox məyusedicidir. Gürcüstanda gənclər daha yaxşı gələcəyə layiqdirlər. Xüsusilə də vətəndaş mövqeyi olan gənclər. Çox təəssüf edirəm ki, bu cür istedadlı və ağıllı gənclər təhsil almaq, işləmək və ölkənin inkişafına töhfə vermək əvəzinə, həyatlarının ən gözəl illərini həbsdə keçirirlər. Bu, doğrudan da ürək ağrıdır”, – deyə səfir qeyd edib.