19 
Iyn
2025
12:17
173

Avropa Parlamenti “Gürcüstanda media azadlığı, xüsusilə Mzia Amaglobelinin işi” adlı qətnamənin mətnini açıqladı

Avropa Parlamenti bu gün “Gürcüstanda media azadlığı, xüsusilə Mzia Amaglobelinin işi” ilə bağlı qətnaməyə səs verəcək.

InterPress.ge xəbər verir ki, qətnamənin müəllifləri Avropa Parlamentinin beş siyasi qrupunu təmsil edən 63 deputatdır – “Avropa Xalq Partiyası”, “Sosial Demokratlar”, “Mühafizəkarlar və İslahatçılar”, “Yenilənmiş Avropa” və “Yaşıllar”.

Qətnaməyə əsasən, Avropa Parlamenti:

● Mzia Amaglobelinin dərhal və qeyd-şərtsiz azad olunmasını və ona qarşı irəli sürülmüş bütün ittihamların ləğvini tələb edir. Onun siyasi motivli həbsi və cinayət təqibi qətiyyətlə pislənir;

● “Gürcü Arzusu” hökumətinin demokratik institutlara, siyasi müxalifətə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə və məhkəmə müstəqilliyinə qarşı sistematik hücumunu qınayır;

● Gürcüstanda jurnalistlərin özbaşına həbsi, təqibi və onlara qarşı zorakılıq, böhtan kampaniyaları, hüquqi təzyiqlər, həbsdə qeyri-insani rəftar və cinsi zorakılıq hallarından dərin narahatlıq ifadə edir; müstəqil araşdırma tələb edir və hökuməti jurnalistlərin təhlükəsizliyini və azadlığını təmin etməyə çağırır;

● Gürcüstan hakimiyyətinə bütün siyasi məhbusların və qanunsuz saxlanılan şəxslərin dərhal azad olunması çağırışı edir – onların arasında fəal Mate Devdze, müxalifət liderləri Zurab Japaridze, Nika Melia və Nika Gvaramia, eləcə də sabiq prezident Mixeil Saakaşvili var. Eyni zamanda, “Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçavanın həyat yoldaşının zorakılıqla oğurlanması və onun uşaqlarının təhlükəsizliyi ilə bağlı yayılan məlumatlar pislənir;

● Bütün repressiv qanunvericiliyin dərhal ləğv edilməsinə, demokratiyanın bərpasına, media və vətəndaş azadlıqlarının tam şəkildə qorunmasına çağırır;

● Avropa İttifaqına çağırış edir ki, Gürcüstanda “Xarici Təsirin Şəffaflığı Haqqında Qanun” qüvvəyə mindikdən sonra müstəqil media və vətəndaş cəmiyyətinə dəstəyi gücləndirsin və gedən məhkəmə proseslərini müşahidə etsin;

● Aİ Şurasının, üzv dövlətlərin və Avropa Komissiyasının davamlı passivliyinə görə təəssüf hissi ifadə olunur və bir daha Aİ-nin üzv dövlətlərinə çağırış edilir ki, “Gürcü Arzusu”nun rəhbərlərinə və yüksək vəzifəli şəxslərinə qarşı – demokratik geriləməyə görə məsuliyyət daşıyan şəxslərə qarşı – ikitərəfli sanksiyalar tətbiq etsinlər;

Parlamentin prezidentinə tapşırılır ki, bu qətnamə Avropa Şurasına, Komissiyaya, üzv dövlətlərin hökumətlərinə və parlamentlərinə, Avropa Şurasına, ATƏT-ə, Prezident Zurabişviliyə və Gürcüstanın hazırkı hakimiyyətinə göndərilsin.

 

Bizimlə əlaqə saxlayın