19 
Iyn
2025
00:17
201

Avropa Parlamentində Rasa Yukneviçiene: “Mzia Amaglobeli və onun dostları yardımı haqq edirlər – bu rejimə qarşı ciddi sanksiyalar lazımdır”

Avropa Parlamentinin üzvü Rasa Yukneviçiene Gürcüstanda mətbuat azadlığı və jurnalist Mzia Amaglobelinin həbsi ilə bağlı keçirilən debatlarda bildirib ki, Gürcüstandakı rejim Kremlin genlərini daşıyır və ona qarşı güclü sanksiyalar tətbiq edilməlidir.

Onun sözlərinə görə, Mzia Amaglobeli yalnız özü üçün deyil, həm də “Bidzina İvanişvilinin rejimi” tərəfindən təzyiqə məruz qalan bütün gürcülərin simvoluna çevrilib:

“Bir həftə öncə cəsur gürcülər – artıq 200 gündən çoxdur Avropa Gürcüstanı uğrunda mübarizə aparanlar Avropa Parlamentinin komitəsində iştirak etdilər. Dünən isə rus oliqarxı İvanişvilinin rejimi onlara qarşı genişmiqyaslı hüquqi hücuma başladı. Vəziyyət gündən-günə pisləşir”.

Yukneviçiene bildirib ki, bu rejim Avropa İttifaqı yoluna qayıtmayacaq:

“Gəlin artıq onlardan Aİ yoluna qayıtmağı istəməyək. Onlar qayıtmayacaqlar. Bu rejim Kremlin genlərindən ibarətdir. Onlar gürcü xalqını da, bizi – Avropa Parlamentini və Aİ-ni də aldadıblar. Gürcü xalqının ölkəni geri qaytarmasının yeganə yolu – yeni seçkilərdir. Bunun üçün isə siyasi iradə lazımdır”.

O, Avropa İttifaqının, Avropa Şurasının və Aİ-nin ali nümayəndəsinin susqunluğunu da tənqid edib:

“Mzia və onun dostları hörmət və yardımı haqq edirlər. Bu rejimə qarşı ciddi sanksiyalar lazımdır. Əllərini havaya atan hər kəs sanksiyalardan qorxur. Gəlin təzyiq göstərək – hər vasitə ilə. Onları yalnız Sputnik tipli propaqanda televiziya kanalları maraqlandırır. Azad media isə demək olar ki, qalmayıb”.

Yekunda o, çağırış edib:

“Gəlin hərəkətə keçək! Gürcü xalqını tək buraxmaq olmaz!”

Qeyd edək ki, Avropa Parlamentində keçirilən bu debatda əsas mövzu Gürcüstanda mətbuat azadlığı və jurnalist Mzia Amaglobelinin işi olub. Sabah məsələ ilə bağlı qətnaməyə səsvermə keçiriləcək.

Bizimlə əlaqə saxlayın