17 
Iyn
2025
15:09
252

Bir sıra cinayətlər nəticəsində maddi zərərə uğrayan zərərçəkmişlərə zərərin sadələşdirilmiş qaydada ödənilməsi imkanı yaradılacaq

Gürcüstanda qanunvericiliyə ediləcək dəyişikliklərə əsasən, bəzi cinayətlərin qurbanı olmuş şəxslərə maddi zərərlərinin sadələşdirilmiş qaydada təqsirli şəxslərdən alınması imkanı veriləcək.

InterPress.ge-nin məlumatına görə, qanun layihəsində göstərilir ki, zərərin ödənilməsi aşağıdakı cinayətlərlə bağlı mümkün olacaq: Cinayət Məcəlləsinin 177-ci maddəsinin IV hissəsinin “b” bəndi, 178-ci maddənin IV hissəsinin “b” bəndi, 179-cu maddənin III hissəsinin “g” bəndi, 180-ci maddənin III hissəsinin “b” bəndi, 181-ci maddənin “g” bəndi, 182-ci maddənin III hissəsinin “b” bəndi, 183-cü, 185-ci maddənin “b” bəndi, 187-ci, 215-ci, 219-cu maddənin II hissəsinin “b” bəndi, 259², 259⁴ və 397-ci maddələri.

Bu dəyişikliklər beş qanuna təsir edəcək: Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə, İcra İcraatı Haqqında Qanun, Cinayətlərin Qarşısının Alınması, Azadlıqdan Məhrumetmə ilə Əlaqədar Olmayan Cəzaların İcrası və Probasiya Haqqında Qanun, habelə Gürcüstan Vətəndaşlarının Gürcüstandan Çıxışı və Gürcüstana Girişi Haqqında Qanun.

Qanun layihəsinin əsas yeniliyi ondan ibarətdir ki, zərərçəkmiş şəxsə maddi zərərin sadələşdirilmiş qaydada təqsirkar şəxsin cinayət yolu ilə əldə edilmiş əmlakından, habelə onun yaxın qohumlarının və əlaqəli şəxslərinin əmlakı hesabına ödənilməsi imkanı yaradılır.

Qanunvericilik təşəbbüsü çərçivəsində Gürcüstandan çıxışa qadağa da tətbiq olunur. Bu sosial müdafiə tədbiri kimi nəzərdə tutulur və müddət cinayətin ağırlıq dərəcəsinə görə ikiqat artırılmış şəkildə müəyyən olunur:

az ağır cinayətlər üçün – 6 il;

ağır cinayətlər üçün – 12 il;

xüsusilə ağır cinayətlər üçün – 16 il.

Bundan əlavə, qanun layihəsində zərərçəkmiş şəxsin vəfatı halında da qaydalar müəyyən edilir. Belə hallarda məhkəmə qərarı əsasında müəyyən olunmuş maddi zərərin sadələşdirilmiş qaydada ödənilməsi hüququ mirasçılara və ya hüquqi varisə keçir.

Bizimlə əlaqə saxlayın