ISFED: Dövlət Reyestr Agentliyi təşkilatın rəhbərinin qeydiyyatını qanunsuz olaraq gecikdirir
“Ədalətli Seçkilər və Demokratiyanın Beynəlxalq Cəmiyyəti” (ISFED) təşkilatı bəyan edib ki, Gürcüstanın Dövlət Reyestr Agentliyi təşkilatın icraçı direktorunun dəyişdirilməsi ilə bağlı qeydiyyat prosesini qanunsuz şəkildə uzadır.
ISFED-in yaydığı bəyanata görə, agentliyin bu hərəkətləri hüquqi çərçivədən kənara çıxır və siyasi qisas xarakteri daşıyır.
Məlumata görə, 2025-ci il aprelin 23-də ISFED-in idarə heyəti yeni icraçı direktoru seçib. Aprelin 30-da təşkilat dəyişikliyin qeydiyyata alınması üçün Dövlət Reyestr Agentliyinə müraciət edib. Lakin agentlik bu günə qədər qeydiyyat prosesini başa çatdırmayıb, bu isə Gürcüstan qanunvericiliyinin ciddi pozuntusu hesab olunur və təşkilatın fəaliyyətini əngəlləyir.
Agentlik mayın 1-də qeydiyyat prosesini dayandırıb və təşkilata çatışmazlıq barədə bildiriş göndərib. Bu çatışmazlıq artıq mayın 2-də tam aradan qaldırılıb. Qanunvericiliyə əsasən, agentlik növbəti gün qərar qəbul etməli idi. Buna baxmayaraq, mayın 14-dək heç bir addım atılmayıb və həmin gün qanunla müəyyən edilmiş müddət pozularaq, qeydiyyat prosesi yenidən dayandırılıb və yeni çatışmazlıq müəyyən edilib. Bu çatışmazlıq da mayın 15-də tam aradan qaldırılıb.
Bütün çatışmazlıqların vaxtında aradan qaldırılmasına baxmayaraq, agentlik hələ də qanunsuz olaraq qeydiyyatı tamamlamır və dəyişikliyi qeydə almır. Bu gecikmə Gürcüstanın Ümumi İnzibati Məcəlləsinin, “Dövlət Reyestri haqqında” qanunun və hökumət sərəncamlarının kobud şəkildə pozulması deməkdir.
ISFED qeyd edir ki, son illərdə hakim “Gürcü Arzusu” partiyası müxtəlif üsullarla vətəndaş cəmiyyətinə təzyiq edir və onların fəaliyyətini məhdudlaşdırmağa çalışır. Buna görə də, təşkilat agentliyin bu addımını hüquqi çərçivədən kənara çıxan və siyasi qisas xarakteri daşıyan bir hərəkət kimi qiymətləndirir.


