15 
Iyn
2025
17:38
200

Marneulidə “Novella” filminin gürcü dilindəki versiyasının təqdimatı keçirilib - FOTO

Marneulidə yerləşən Mədəniyyət Evində “Aktual Media” tərəfindən ərsəyə gətirilmiş “Novella” bədii-sənədli filminin gürcü dilindəki versiyasının təqdimat mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə Marneulidəki gürcü dilli məktəblərin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri, iş adamları, Marneuli Bələdiyyə Məclisinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı Natela Əlləzova olub. Tədbirdə çıxış edən “Aktual Media”nın təsisçisi, Aktual.ge xəbər portalının direktoru, filmin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov bildirib ki, “Novella” bədii-sənədli filmi Gürcüstan azərbaycanlılarına qarşı formalaşan bir sıra stereotiplərə cavab olaraq hazırlanıb.

“Məhz bu məqsədlə ‘Aktual Media’ komandası gənclərimizin uğurlarını geniş ictimaiyyətə çatdırmaq üçün bu filmi ərsəyə gətirdi. Əsas məqsəd stereotipləri dağıtmaq və azərbaycanlıların Gürcüstanda müxtəlif sahələrdə əldə etdikləri nailiyyətləri nümayiş etdirməkdir. Film həm Azərbaycan, həm də gürcü dillərində hazırlanıb. Gürcü dilindəki versiya nə dublaj, nə də subtitrlə ərsəyə gətirilib – tamamilə orijinal çəkilmişdir. Filmi hər iki dildə özümüz lentə almışıq. Göstərilən dəstəyə görə hər kəsə təşəkkür edirəm,” – deyə İlkin Hüseynov qeyd edib. O əlavə edib ki, Gürcüstandakı azərbaycanlılar haqqında bu formatda sənədli film ilk dəfə məhz “Aktual Media” tərəfindən hazırlanıb.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin diplomatı Cavid Məhərrəmov da çıxış edərək, istedadlı azərbaycanlı gənclərin tanıdılmasının və onların belə nüfuzlu layihələrdə iştirakının vacibliyini vurğulayıb.

“Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı mənfi stereotiplərin qarşısını almaq üçün bu cür layihələrin həyata keçirilməsi son dərəcə vacibdir. Bu təşəbbüsə görə 'Aktual Media' komandasına təşəkkür edir və uğurlar arzulayırıq,” – deyə Cavid Məhərrəmov bildirib.

Bizimlə əlaqə saxlayın