
Air Serbia Gürcüstan aviasiya bazarına daxil oldu – Tbilisi-Belqrad arasında birbaşa reyslər başladı
Gürcüstanın Aeroportlar Birliyi məlumat yayıb ki, Avropanın yeni aviaşirkəti olan Air Serbia Gürcüstan aviasiya bazarına daxil olub.
Aeroportlar Birliyinin məlumatına görə, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dəstəyi ilə Serbiyanın milli aviadaşıyıcısı ilə aparılan danışıqlar uğurla tamamlanıb. Air Serbia Tbilisi və Belqrad arasında birbaşa müntəzəm reysləri həftədə 3 dəfə Airbus 319 təyyarələri ilə həyata keçirəcək.
Bu günlərdə Air Serbia Tbilisi Beynəlxalq Aeroportuna ilk birbaşa Belqrad-Tbilisi reysini yerinə yetirib. İlk reysin sərnişinləri arasında Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç də olub. Onu Tbilisi hava limanının hökumət terminalında Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisişvili, Aeroportlar Birliyinin baş direktoru Levan Mosiaşvili və Serbiyanın Gürcüstan və Ermənistandakı səfiri Tatyana Panayutoviç-Tsvetkoviç qarşılayıblar.
Yeni aviaşirkətin Gürcüstan bazarına daxil olması münasibətilə Tbilisi hava limanında rəsmi qəbul mərasimi də keçirilib. Tədbirdə aviasiya və turizm sektorlarının nümayəndələri, eləcə də aviaşirkətin rəhbərliyi iştirak edib.
Aeroportlar Birliyinin baş direktoru Levan Mosiaşvilinin sözlərinə görə, indiyədək Gürcüstan və Serbiya arasında birbaşa müntəzəm hava əlaqəsi mövcud olmayıb.
Air Serbia Serbiyanın ilk milli aviaşirkəti olan və 1927-ci ildə yaradılmış Aeroput-un varisidir. 2024-cü ildə Gürcüstan və Serbiya arasında sərnişin axını 16 839 nəfər təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 66% artım deməkdir.