11 
Iyn
2025
11:43
353

Gürcüstan-Qazaxıstan avtomobil ticarətində yeni əməkdaşlıq formatı formalaşır

Qazaxıstan-Gürcüstan İqtisadi Birliyinin İdarə Heyətinin sədri Giorgi Caxutaşvili bildirib ki, Gürcüstan-Qazaxıstan avtomobil ticarətində baş verən dəyişikliklər risk kimi deyil, əməkdaşlığın yeni formatı kimi qiymətləndirilməlidir.

InterPress.ge xəbər verir ki, bu barədə o, “Businesspressnews” portalına müsahibəsində danışıb.

Mövzunun aktuallaşmasına səbəb, bəzi gürcü autoimportçuların verdiyi açıqlamalar olub. Onlar bildiriblər ki, qazax dilerlər artıq Gürcüstanda öz avtomobil mərkəzlərini açırlar, nəqliyyat vasitələrini ölkəyə gətirir və birbaşa Qazaxıstana ixrac edirlər. Bu isə Gürcüstan üçün əhəmiyyətli bazar sayılan Qazaxıstan istiqamətində fəaliyyət göstərən gürcü satıcıların payını azalda bilər.

Caxutaşvilinin sözlərinə görə, qazax iş adamlarının Gürcüstanda aktiv fəaliyyətə başlaması, ölkədə formalaşmış əlverişli infrastrukturun göstəricisidir və bu imkanlardan faydalanmaq lazımdır. O, qeyd edib ki, birgə mərkəzlərin yaradılması və gürcü-qazax tərəflərin ortaq əməkdaşlığı bu prosesi daha da inkişaf etdirə bilər.

“Qazaxıstana Gürcüstandan edilən ixracın 80%-ni avtomobillər təşkil edir. Bu sektor hələlik əsasən re-eksport əsasında inkişaf edir. 2023-cü ildə təkcə Qazaxıstana 600 milyon dollar dəyərində təxminən 40 min avtomobil ixrac olunub. Əsasən ABŞ, Yaponiya və Cənubi Koreyadan gətirilən avtomobillər Gürcüstandan Qazaxıstana göndərilir. İndi isə qazax biznesmenlər özləri Gürcüstana gələrək, burada mərkəzlər açır, avtomobilləri alır, sənədləşdirir və Qazaxıstana aparırlar. Bu, re-eksport statistikasının azalmasına səbəb ola bilər, çünki artıq alıcı tərəf birbaşa Qazaxıstandan gəlir,” – deyə Caxutaşvili bildirib.

O, əlavə edib ki, proses risk yox, əməkdaşlığın yeni mərhələsi kimi qəbul olunmalıdır. Lakin eyni zamanda, Çinin dünyada ən böyük avtomobil ixracatçısına çevrilməsi də əlavə rəqabət yaradır. Bu səbəbdən Gürcüstan üçün strateji addım satış mərkəzlərinin leqallaşdırılması və Qazaxıstanlı alıcılar üçün vergi güzəştlərinin tətbiqi ola bilər.

Caxutaşvili vurğulayıb ki, Gürcüstan biznesi logistika və gömrük xidmətləri sahəsində faydalanmağa davam etməlidir və Qazaxıstan iş adamlarının Gürcüstanda fəaliyyəti problem kimi deyil, rəqabət və əməkdaşlıq imkanları çərçivəsində dəyərləndirilməlidir.

Statistikaya əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Gürcüstandan Qazaxıstana 12 055 ədəd yüngül avtomobil re-eksport olunub, ümumi dəyəri 219 milyon 268 min 190 dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə göstəricilərdə azalma müşahidə olunub – 2024-cü ilin ilk dörd ayında Qazaxıstana 13 584 ədəd avtomobil 181 milyon 96 min 150 dollar dəyərində ixrac olunmuşdu.

Bizimlə əlaqə saxlayın