
Tramp: “Los-Ancelesi azad edəcəyik, anarxiyaya dözməyəcəyik”
ABŞ Prezidenti Donald Tramp Şimali Karolina ştatının Fort Braq şəhərində yerləşən hərbi bazada əsgərlərlə görüşü zamanı Los-Ancelesdə baş verən hadisələrə və ölkədəki iğtişaşlara münasibət bildirib.
Tramp bəyan edib ki, ABŞ ordusunun nəsilləri uzaq sahillərdə qanlarını tökməyiblər ki, ölkə işğal və üçüncü dünya xaosu ilə məhv edilsin. Onun sözlərinə görə, administrasiyası Los-Ancelesi azad edəcək.
“Kaliforniyada gördükləriniz sülhə, ictimai qaydaya və milli suverenliyə tammiqyaslı hücumdur. Bu hücumu ölkəmizə xarici işğalın davamı məqsədilə xarici bayraqlarla silahlanmış üsyançılar həyata keçirir. Biz Los-Ancelesi azad edəcəyik və onu yenidən azad və təhlükəsiz edəcəyik”, – deyə Tramp vurğulayıb.
Prezident qeyd edib ki, Los-Ancelesdə anarxiya davam etməyəcək: “Bu anarxiya tab gətirə bilməz. Biz federal agentlərə hücumlara və Amerika şəhərində xarici düşmənin işğalına imkan verməyəcəyik.”
Xatırladaq ki, Los-Ancelesdə ABŞ-ın İmmiqrasiya və Gömrük İcra Xidmətinin (ICE) keçirdiyi reydlərə qarşı etiraz aksiyaları bir neçə gündür davam edir. Aksiyalar zamanı polis və nümayişçilər arasında qarşıdurmalar baş verir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şənbə günü 27, bazar günü 40, bazar ertəsi 114, çərşənbə axşamı isə 197 nəfər saxlanılıb. Prezident Tramp Los-Ancelesə 4000 nəfərlik Milli Qvardiya və dəniz piyadalarının göndərilməsi qərarını verib. Kaliforniya qubernatoru isə bu addımı ştatın suverenliyinin pozulması kimi qiymətləndirib.