
ABŞ-ın bir neçə şəhərində immiqrasiya reydlərinə qarşı etirazlar zamanı toqquşmalar və həbslər baş verib
CNN-in yaydığı məlumata görə, Los-Ancelesdə immiqrasiya reydlərinə qarşı keçirilən etiraz aksiyası zamanı polis və aksiya iştirakçıları arasında toqquşma baş verib.
Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına butulka və digər əşyalar atıblar. Polislər aksiyanın iştirakçılarını dağıtmaq üçün rezin güllələrdən və işıqsaçan qumbaralardan istifadə ediblər. Hadisə nəticəsində bir neçə etirazçı saxlanılıb.
Etiraz aksiyaları yalnız Los-Anceleslə məhdudlaşmayıb – ABŞ-ın bir çox şəhərində oxşar tədbirlər keçirilib. Santa-Ana və San-Fransiskoda təşkil olunmuş aksiyalar zamanı təxminən 150 nəfər saxlanılıb. Nyu-Yorkda da etirazçılar toplaşıb və polisin verdiyi məlumata görə, burada da bir neçə şəxs həbs olunub.
Atlantada etirazçılar ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) binası qarşısında toplaşaraq saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb ediblər. Oxşar aksiyalar Kentukki ştatının Luisvil və Texas ştatının Dallas şəhərlərində də baş tutub.
Etirazların mərkəz fiqurlarından biri, həmkarlar ittifaqlarının tanınmış lideri Devid Uertas olub. O, Los-Ancelesdə keçirilən aksiyalar zamanı saxlanılıb, lakin sonradan girov qarşılığında sərbəst buraxılıb. Onun azadlığa buraxılması tələbi ilə Boston, Pittsburq, Şarlott, Sietl, Vaşinqton və digər ştatlarda, o cümlədən Konnektikut və Nyu-Yorkda da nümayişlər keçirilib.