
Tramp: “Milli Qvardiya göndərilməsəydi, Los-Anceles tamamilə məhv olardı”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kaliforniyada baş verən zorakı və təhrikedici iğtişaşların qarşısını almaq üçün Milli Qvardiyanın göndərilməsi düzgün və vaxtında verilmiş qərar olub.
O, bu barədə “Truth Social” platformasında paylaşım edib.
“Biz mükəmməl qərar verdik – Kaliforniyada baş verən zorakı və təhrikedici iğtişaşların qarşısını almaq üçün Milli Qvardiyanı göndərdik. Əgər bu baş verməsəydi, Los-Anceles tamamilə məhv olardı”, – deyə Tramp qeyd edib.
Trampın sözlərinə görə, Kaliforniya ştatının qubernatoru Qevin Nyusom və Los-Ancelesin meri Karen Bassa ona təşəkkür etməli idilər:
“Əvəzində isə onlar Kaliforniya və Amerika xalqını aldadır və bildirirlər ki, guya bizə ehtiyac olmayıb və bu, sadəcə ‘dinc etiraz aksiyaları’ olub. Halbuki zorakılıq və dağıntıları əks etdirən fotolar və videolar bunun tam əksini göstərir. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün biz həmişə lazım olan hər şeyi edəcəyik”, – deyə ABŞ Prezidenti vurğulayıb.